Bəs xəritələr yox idi?! Daha İrəvan yalan danışa bilməyəcək

 Bəs xəritələr yox idi?!  Daha İrəvan yalan danışa bilməyəcək
  12 İyun 2021    Oxunub:1640
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Azərbaycana işğaldan azad edilmiş rayonlardan birinin mina xəritəsini təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, əldə edilmiş razılığa əsasən, iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə qarşı tərəfə təhvil verilib.

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək", - deyə XİN-in məlumatında qeyd olunub.

Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bundan sonra İrəvan onlarda xəritənin olmaması barədə yalan danışa bilməyəcək:

“Nəhayət, ilk addım atıldı. Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun müqabilində, 15 erməni Gürcüstan üzərindən Ermənistana təhvil verildi. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkici idi. Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edildi. Bu sırada bircə Rusiyanın adı çəkilmədi. Səbəb sadədir. Çünki Rusiya mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün İrəvana təzyiq etmədi. Halbuki, bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Azərbaycan və Ermənistan bu dəfə başqalarının vasitəçiliyi ilə məsələni yoluna qoydular.

İlk mina xəritəsinin Azərbaycana təhvil verilməsinin bir sıra nəticələri ola bilər. Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bu informasiya müharibəsində xeyrimizə işləyəcək. İkincisi, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa, reytinqini artırmağa müvəffəq olacaq. O bundan sonrakı mitinqlərdə “qalan erməni əsirləri də geri qaytaracağıq” tipli açıqlamalar verəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Xəritə   Ermənistan  





Xəbər lenti