Bir düşmən, dörd silah: Azərbaycanda işlədilən vaksinlərin bir-birindən fərqi nədir?

 Bir düşmən, dörd silah:  Azərbaycanda işlədilən vaksinlərin bir-birindən fərqi nədir?
  12 İyun 2021    Oxunub:6502
Azərbaycan dünyada koronavirus əleyhinə peyvəndin tətbiq olunduğu ilk ölkələr sırasında yer alır. Hələ ötən ilin yayından vaksinlə bağlı araşdırmaların gündəmə gəldiyi zaman Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunan peyvəndlərin Azərbaycana gətirilməsi üçün bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Eyni zamanda beynəlxalq təşkilatlarla bu istiqamətdə danışıqlar aparılıb və Azərbaycan peyvəndi əldə etmək üçün COVAX platformasına qoşulan ilk dövlətlərdən biri olub.
Zamanında görülmüş tədbirlər nəticəsində Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini uğurla keçən “CoronaVac” vaksininin ilk partiyası cari ilin əvvəlində ölkəmizə gətirilib. Yanvarın 18-dən vaksinasiya strategiyasına uyğun olaraq peyvəndləməyə start verilib.



Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya başlanılan ilk gündən (yanvarın 18-dən) indiyədək 2 702 023 nəfər peyvənd olunub. Ölkə üzrə birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 953 988 nəfərdir.

Hazırda bütün ölkə üzrə xəstəxana və polklinikalarda “CoronaVac”la yanaşı, İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" (AstraZeneca), Rusiya istehsalı “Sputnik V” və Biontech/Pfizer peyvəndləri vətəndaşlara təklif edilir. Azərbaycan vətəndaşları könüllü şəkildə peyvəndlərdən birini seçib, vaksinasiyadan keçə bilərlər. Ümumilikdə Azərbaycan eyni anda 4 peyvəndin tətbiq olunduğunu nadir ölkələrdən biridir. Vətəndaşların COVID-19-a qarşı peyvənd olunması üçün hər bir şərait yaradılıb. Vaksinasiya tamamilə pulsuz həyata keçirilir.

Bəs bu peyvəndlər nə ilə fərqlənirlər?

Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini inaktiv peyvənddir. Bu, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən ibarətdir. Peyvəndin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. Vaksinin Türkiyədə və bir sıra digər ölkələrdə aparılan üçüncü sınaqlarına əsasən effektivliyi 91,25 faiz civarındadır. Həmçinin peyvənd olunan şəxslər koronavirusa yoluxsa da xəstəliyi yüngül keçirir, onlar arasında ağırlaşma və ölüm halları qeydə alınmır. Sözügedən vaksin 2 dozada vurulur.



“AstraZeneca" şirkətinin vaksini "Vaccitech" şirkəti ilə birlikdə Oxford Universiteti tərəfindən hazırlanıb. Oxford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi soyuqdəymə virusundan hazırlanıb. Aparılan genişmiqyaslı sınaqlar göstərir ki, “AstraZeneca" vaksini COVID-19 simptomlarını inkişaf etdirən insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlarda bu peyvəndin 79 faiz effektiv olduğu deyilsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.



Azərbaycanda tətbiq olunan digər vaksin Rusiya istehsalı "Sputnik V"dir. Qonşu ölkədə ərsəyə gətirilən vektor peyvəndinin effektivliyi 90 faizdən yuxarı qiymətləndirilir. Peyvəndin tərkibində koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteinini - S-in zülalları var, onlar da immunitet yaradır. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V" iki müxtəlif vektor texnologiyasına malikdir.



"BioNTech/Pfizer" Azərbaycanda vaksinasiya üçün istifadə edilən sayca 4-cü peyvənddir. Bu həftədən istifadəsinə başlanılan peyvəndin COVID-19 xəstəliyini keçirməyən insanlarda infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğu qeyd edilir. Aktiv tərkib hissəsi dustinginameran maddəsidir. Peyvəndin ümumi yan təsirləri demək olar ki, yoxdur. Peyvənddən sonra iynə vurulan yerdə yüngül ağrı, zəiflik və baş ağrısı ola bilər ki, bu da təbii prosesdir. Sözügedən peyvənd mənfi 70 dərəcə temperaturda saxlanılır.



“AstraZeneca” peyvəndindən başqa digər 3 peyvənd Azərbaycanda 18 yaşdan yuxarı bütün şəxslərə tətbiq edilir. Yalnız “AstraZeneca” peyvəndinin 60 yaşdan yuxarı şəxslərə vurulmasına icazə verilir.

Bu günə kimi hər 4 peyvəndi vurduran şəxslərdə ciddi ağırlaşma, yan təsirlər və əks-reaksiyalar qeydə alınmayıb. Peyvəndin hər iki dozasını qəbul edənlər vaksinasiyadan sonra hər hansı ciddi problem yaşamadıqlarını deyirlər. Yalnız yüngül ağrı, zəiflik və baş ağırısı bütün peyvəndlərdə ola bilər və bu da bir müddətdən sonra itir.



Həkim-infeksionist Vüqar Cavadzadə Azvision.az-a bildirib ki, Azərbaycanda istifadə edilən hər 4 vaksin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib və istifadəsinə razılıq verilib.

Onun fikrincə, həmin vaksinlərin hazırlanma texnologiyası fərqli olsa da, məqsədləri eynidir - insan orqanizmində suni immunitet yaradılır:

““CoronaVac” ənənəvi üsulla hazırlanmış inaktiv vaksindir. Burada virus kimyəvi, fiziki amillərin təsiri nəticəsində ölür, amma antigen xüsusiyyəti saxlanılır. “Sputnik V” vaksinində virusun antigen hissəsi insan adenovirusun üzərinə yerləşdirilir. Bu vektor texnologiyası əsasında hazırlanan vaksindir. Eyni zamanda, “AstraZeneca” vaksini vektor texnologiyalası ilə hazırlanır. Pfizer vaksini mRNT (messenger-məlumat RNT) üsuli ilə hazırlanılır. Həmin vaksinin hazırlanma texnologiyası mürəkkəb olmaqla yanaşı, saxlanma texnologiyası da çətindir. Vaksin mənfi 70 dərəcə temperaturda saxlanılmalıdır. Hər vaksin 18 yaşdan yuxarı şəxslərə vurula bilər. Vaksinlərin məqsədləri eynidir. Fərqlər hazırlanma texnologiyası ilə yanaşı onların qiymətlərində ola bilər”.

Vətəndaşlar hansı peyvəndə üstünlük verir?

40 yaşlı Elxan Quliyev "CoronaVac" vaksini ilə peyvənd olunub. O, vaksinasiyadan sonra heç bir problemlə üzləşmədiyini deyir:

"Bizi əhatə edən şəxsləri və ölkə vətəndaşlarını qorumaq üçün vaksin vacibdir. Özümü yaxşı hiss edirəm. İlk dozanı qəbul edəndə heç bir problem yaşanmadı, indi də yaxşıyam. İnsanlara tövsiyə edirəm ki, hər kəs peyvənd olunsun. Çünki biz təkcə özümüzə yox, yaxınlarımıza, valideynlərimizə görə də məsuliyyət daşıyırıq. Özümüzü qorusaq, ətrafdakılarımızı da qorumuş olarıq”.



"Sputnik V" vaksinini vurduran Teymur İsrafilov peyvənddən sonra özünü yaxşı hiss etdiyini və narahatlıq yaşamadığını söyləyib: "Hazırda yaxşıyam. Deyilənə görə, bu, vaksinin effektliyi və təhlükəsizliyi yüksək səviyyədədir. İndi özümü daha yaxşı hiss edirəm. Məncə, xəstəlikdən xilas olmaq üçün hamı vaksinasiyadan keçməlidir".

"Pfizer"lə vaksinasiyadan keçən vətəndaş Samirə Abdullayeva peyvəndin effektiv olduğunu bildirib. O, vaksindən sonra problemlə üzləşmədiyini deyib: "Vaksinin xəstəlikdən qorunmaq üçün vacib və təhlükəsiz olduğunu düşünürəm".



Alimlər vaksinləri bəşər tarixinin ən böyük kəşfi sayırlar. Belə ki, dünyada müxtəlif zamanlarda yaranan infeksion xəstələliklərin qarşısı yalnız peyvəndlər nəticəsində alınıb. Bu gün bütün ölkələr COVID-19 infeksiyası ilə mübariz aparır. Dünyada xəstəlikdən ölənlərin sayı 3,8 min nəfərə çatır. Ağırlaşmaların və ölümlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, lakin virusdan qurtulmaq üçün yeganə çıxış yolu vaksinasiyadır. Dünyanı cənginə alan bəlaya peyvənd olunmaqda qalib gəlmək mümkündür. Ona görə də hər birimiz bu məsuliyyəti dərk edib, yaxınlarımızın, sevdiklərimizin sağlamlığı naminə peyvənd olunmalıyıq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Peyvənd  





Xəbər lenti