İran və Ermənistandakı seçkilər regiona necə təsir edəcək? - ŞƏRH

 İran və Ermənistandakı seçkilər regiona necə təsir edəcək? -  ŞƏRH
  10 İyun 2021    Oxunub:1135
Bu ay Ermənistan və İranda seçkilər keçiriləcək. İyunun 18-də İranda 13-cü prezident seçkiləri baş tutacaq. Ermənistanda isə bundan iki gün sonra- iyunun 20-də növbədənkənar parlament seçkiləri təşkil olunacaq.
Ermənistanda parlament seçkilərində iştirak etmək üçün 23 partiya və 4 blok qeydiyyatdan keçib. Budəfəki seçkilərin fərqliliyi ondadır ki, Ermənistanın bütün keçmiş prezidentləri və hazırkı baş nazir əvəzi seçkidə iştirak edir. İrandan fərqli olaraq Ermənistanda hazırda təşviqat kampaniyası gərginlik və ciddi qalmaqallarla müşahidə olunur.

Maraqlıdır, iki gün fərqlə keçiriləcək bu seçkilərin nəticələrinin regiondakı proseslərə hər hansı formada təsiri olacaqmı?

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, əslində gözlər indi Tehrandan çox İrəvana dikilib. Ermənistanda ötənilki ağır məğlubiyyət sonrası həddindən artıq gərgin durum yaranıb, ölkə hər an partlamağa hazır olan barıt çəlləyini xatıladır. Paşinyanın komandası seçkilərdə uğursuzluğa düçar olsa, yeni siyasi qüvvələr-radikallar bölgədəki böyük layihələrə problemlər yaşada bilərlər. İranda isə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq əvvəlki dəst-xətt davam etdiriləcək.



“Hər iki ölkədə baş tutacaq seçkilərin nəticələri regional proseslərə bu və ya digər formada təsir göstərə bilər. Hazırda Azərbaycan dövlətinin marağında olan, elə cəmiyyətimiz üçün də önəmli görünən Ermənistandakı seçkilər olacaq. Çünki görünən odur ki, budəfəki seçkilərdə Rusiya bütün ipləri əlində toplaya bilib. Moskva hazırda özünün istədiyi adamları iş başına gətirmək istəyir. Bu isə o deməkdir ki, Qarabağda vəziyyətin yenidən gərginləşdirilməsi planları da qalacaq. Bu planlar Ermənistanı əlində saxlamağı bacaran Kremlin uzağa gedən niyyətlərinə daxildir”.

Politoloq deyir ki, ermənilərin ruslara olan inamı azalsa da, siyasi proseslərdə hələ şimal qonşumuzun sehrli çubuğu işini görə bilir. Bu mənada seçkilərlə bağlı gedişatlar, seçki günü və nəticələrin açıqlanmasından sonrakı hadisələrə Rusiyanın təsirləri hiss olunacaq.

Qabil Hüseynli Rusiyanın seçki prosesləri fonunda Qarabağda da müəyyən aktivlik göstərməsini diqqətçəkən amil kimi qiymətləndirib:

“Rusiya gözlənilməz şəkildə münaqişə zonasına sülhməramlı qüvvələrini yerləşdirməklə demək olar ki, hər şeyi həll etməyi bacarmışdı. Bu gün də çalışır ki, bölgədə əsas söz sahibi olsun. Məsələn, Azərbaycan əhalisi nəyə görə Kəlbəcərə getmək üçün mütləq şəkildə sülhməramlılardan icazə almalıdır? Niyə uzun illər maşın kalonlarımız öz ərazimizdə başqa ölkənin hərbçilərinin müşayiəti ilə hərəkət etməlidir? Bu bizim suverenliyimizə ciddi məhdudiyyətlər gətirir. Son zamanlarda isə, Rusiya tərəfindən Lavrov vasitəsilə yenidən status məsələsi tez-tez qaldırılmağa başlanıb. Hələlik Dağlıq Qarabağda bütün səlahiyyətləri öz əlində saxlayır. Belə görünür ki, Rusiya seçkilər fonunda bölgədəki siyasətini xeyli dərəcədə dəyişir. Kreml Ermənistanda yeni, özünə yaxın olan siyasi qüvvələri hakimiyyətə gətirmək istəyini gizlətmir. Təəssüf ki, bütün bunlar torpaqlarımızın azad edilməsi uğrunda apardığımız mübarizənin nəticələrinə kölgə salmağa bənzəyir. Belə olan təqdirdə Azərbaycan ya sülhməramlı qüvvələrin bu ərazilərdən çıxarılması, onun başqa sülhməramlı qüvvələrlə əvəzlənməsi, yaxud da bölgənin hərbsizləşdirilməsini reallaşdırmağı tələb edəcək. Ümumiyyətlə, hazırda Ermənistan və onun ətrafında cərəyan edən hadisələr Azərbaycan üçün əhəmiyyətlidir. İrəvanda baş verənlər bölgədə yeni isti müharibənin başlanacağına gətirib çıxara bilər”.

İran amilinə gəldikdə isə, politoloq bu ölkədəki seçkilərin də regional proseslərə ciddi təsir etməyəcəyini düşünür:

“Bu ölkənin siyasi məkanı elədir ki, seçkilərin nəticələri regional proseslərə radikal şəkildə təsir etmir. İranda teokratik rejimin təbiəti dəyişməyincə, burada köhnə hamam, köhnə tas olacaq. İran indiki halı ilə idarəetmədə din xadimlərini saxlayacaqsa, rejim dini xarakter daşıyacaqsa, Tehranın nə sözlərinə, nə verdiyi vədlərə, nə də onun regional əməkdaşlıq perspektivlərinə inanmaq çox çətin olacaq. Bunu Avropa da deyir, Qərb də… İranlı namizədlərin arasında mühafizəkar, islahatçı və s. adlandırılan namizədlər olsa da, onların hamısı loru dildə desək, molla təbiətli adamlardı. Yəni islahatçı adı formaldır. Əgər ölkədə hakimiyyətin mahiyyəti dini amillərə bağlıdırsa, ideologiya dini ideologiyadan qaynaqlanırsa, burada nə kimi islahatlar həyata keçirib dünyaya açılmaq, regional proseslərdə aktiv iştirak etmək mümkün olacaq? Qapalılıq hər zaman saxlanılacaq. Ruhani rəhbərliyə islahatçı adı altında gəlmişdi. Nə kimi böyük dəyişikliklər oldu? Daha çox millətçi siyasətin şahidi olduq, daha çox dini siyasətin həyata keçirilməsini gördük. Verilən vədlər alayarımçıq qaldı. Milli azlıqlar isə, əvvəlki kimi problemlərlə baş-başa qaldılar. Bu ölkədə 45 milyonluq azərbaycanlılar 18 milyonluq farsların qarşısında hüquqları az olan milli azlıq hesab olunur. Öz dilində məktəblərin açılması və digər vədlər olsa da, heç biri reallaşmır. İran dəyişəcək, regiondakı proseslərdə əsas söz sahiblərindən birinə çevriləcəksə, bunun üçün ölkənin daxildən köklü şəkildə dəyişməsi tələb olunur. Tehranın belə kosmetik dəyişikliklərlə nə daxili, nə də xarici siyasətində ciddi bir irəliləyişlər edəcəyinə, bölgədə güclü söz sahibi olacağına inanmıram. Seçkilər yenə formal olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İran   Ermənistan   Seçki   Region  





Xəbər lenti