“Görünür, ağır məğlubiyyət ermənilərə dərs olmayıb” - Yeni diversiya cəhdi

  08 İyun 2021    Oxunub :1767
 “Görünür, ağır məğlubiyyət ermənilərə dərs olmayıb” -  Yeni diversiya cəhdi
Bu gün Ermənistan növbəti dəfə təxribata əl atıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

Ermənilərin son təxribatı bir daha onu göstərir ki, İrəvan Azərbaycanla sərhəddə süni gərginlik yaratmaqla yanaşı, sərhədlərimiz daxilində də təxribatlar törətməyə çalışır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a bildirib ki, Ermənistan ötən il ağır məğlubiyyətə uğramasını unutmamalıdır. Azərbaycan istənilən təxribatın qarşısını almağa qadirdir.

“Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycana qarşı diversiyalarına ara vermək istəmir. Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu yenidən ərazimizə daxil olub. Diversiya qrupunu bir üzvü həbs olundu, digərləri isə geri çəkiliblər. Yəni bir neçə gün əvvəl Kəlbəcərdəki diversiyanı təkrarlamaq istəyiblər. Diversiya qrupları ərazimizi minalamağa gəlirlər. Demək, müharibədə ağır məğlubiyyət, verdikləri canlı və hərbi texnika itkisı onlara dərs olmayıb”,-deyə politoloq "Dəmir yumruğ"un yerində olduğunu yada salıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Diversiya   Təxribat