Şuşa qoruğunun ilk rəhbəri: “Bülbülün, Hacıbəyovun, Çəmənzəminlinin evini yerlə yeksan ediblər” - VİDEO
Azvision.az -ın növbəti müsahibi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru Tofiq Süleymanovdur. Həmsöhbətimiz 1978-1980-ci illərdə qoruğa rəhbərlik edib.
Tofiq Süleymanov Şuşadakı fəaliyyətini xatırlayaraq deyir: “1977-ci ildə o zamankı Mərkəzi Komitənin və Respublika Nazirlər Sovetinin birgə qərarı ilə Şuşanın qədim tarixi hissəsi, İçərişəhər, Ordubad və Şəki şəhərlərinin bir hissəsi tarix-memarlıq qoruğu elan edildi. Şuşadakı həmin idarənin yaradıcsı mən olmuşam. Əlimizdə sənəd yox idi. Nə ilə məşğul olmalıyıq, haradan başlamalıyıq deyə məlumatsız idik. Mədəniyyət Nazirliyində Şamil Axundov adlı vətənpərvər şəxs var idi. O, tarixi abidələrin bərpası və mühafizəsi üzrə idarə rəisi işləyirdi. Məni Şuşadan Bakıya ezamiyyətə dəvət etdi. Bildirdi ki, qoruq üzrə yeganə əsasnamə Latviyanın Kulliqa şəhərində var. Bundan sonra mən Latviyaya getdim, əsasnaməni tərcümə etdirib Azərbaycana qayıtdım. Bu əsasnaməni xüsusi olaraq Şuşa üçün işlədik və təsdiq olundu. Bundan sonra işə başladıq. Şuşadakı qədim tarixi-memarlıq abidələrinin illər üzrə hesabını apardıq. Məsələn, Pənah xanın, İbrahim xanın, daha sonra Mehdiqulu xanın dövründə tikilənlər və s. Beləliklə, 378 ədəd tarixi-memarlıq abidəsinin siyahısını tərtib etdik. Onlardan 28-i respublika əhəmiyyətli oldu. Bu siyahıya Gəncə qapısı, Qala divarları, Cıdır düzü təbii landşaftı, Natavanın malikanəsi, Uğurlu bəyin malikanəsi, Mehmandarovların yaşayış kompleksi, Bülbülün və Üzeyir bəyin evi, Natavanın çəkdirdiyi bulaq və digərləri daxil idi".
Müsahibin sözlərinə görə, Ocaqqulunun malikənəsi, Zöhrəbəyovun evi möhtəşəm, əsl bəy ev idi.
"Orada nələr yox idi. Qranit daşdan ibarət əl işləməli 3 mərtəbəli malikanə idi. Şuşada belə mülklər çox olub. Ermənilər Şuşanın qoruq hissəsindəki nə qədər evləri, mülkləri, məsələn, Bülbülün, Üzeyir Hacıbəyovun, Yusif Vəzir Çəmənzəminlinin, bəstəkar Əşrəf Ababsovun evini yerlə yeksan ediblər. Arazboyu rayonlarımızda - Cəbrayıl, Zəngilan, Qubadlının bir hissəsində arxitektor nöqteyi-nəzərindən gözə gəlimli bir şey varsa, hamısını söküb satıblar, daşıyıblar. Hətta eşitdiyimə görə, Qarabağda sökdükləri gözəl binaların memarlığa uyğun gələn daşlarını aparıb Ermənistanda bir şəhər salıblar. Amma Ermənistanın harasında salındığını dəqiq bilmirəm.
Gövhərağa məscidinin bizdən sonrakı direktoru bir erməni qadın idi. O ifritə məscidin qapısının böyründəki iki cərgəlik oyma xətti, bizim ustaların əl ilə hazırladıqları naxışları göstərib deyirdi ki, “bu, ancaq erməni ustalarının əl işi ola bilər. Müsəlmanlar 14-cü əsrdə tikilən kilsəni dağıdıb üstündə məscid tikiblər”. Siz erməninin həyasızlığına baxın. Şuşanın bünövrəsi Pənahəli xan tərəfindən 1752-cü ildə qoyulub. 14-cü əsrdə Şuşa var idi?”.
T. Süleymanov daha sonra Şuşa qalasının açarlarının Bakıya nə zaman gətirilməsindən və burada muzeyə təhvil verilməsindən danışıb.
“Yuxarı Gövhərağa məscidini bir zamanlar tarix muzeyi etmişdilər. Pənahəli xanın tikdirdiyi Şuşa qalasının açarı həmin muzeydə idi. 1992-ci il may ayında Şuşa işğal olunanda muzeyin rəhbərliyi bir çox eksponatlarla birgə həmin açarı gətirib İncəsənət Muzeyinə təhvil verib.
Şuşa bir neçə dəfə ermənilər tərəfindən dağıdılıb, abidələrə ziyan dəyib. 1905, 1918-ci illlərdə xeyli mülk, abidə yandırılıb, sonra bərpa olunub. Başı bəlalı şəhər olub.
Üstəlik ermənilər çoxlu memarlıq abidəsini oğurlayıblar. Şuşada avtovağzaldan tutmuş Bazarbaşı deyilən hissəyə qədər, oradan da Gövhərağa məscidinə tərəf qədimi karvansaralar, dükanlar var idi. Hamısı naxışlı və qranit daşlarından işlənmişdi. Şuşa şəhərinin planlaşdırılması Xankəndinin icra komitəsi, vilayət partiya komitəsi tərəfindən aparılırdı. Oradan gəlib göstəriş verirdilər ki, burada bir 5 mərtəbəli bina tikin, onu edin, bunu edin. Yöndəmsiz binalar tikdirirdilər ki, karvansaraların qədimliyini ləğv etsinlər. Əvəzində qranitdən olan həmin daşları ermənilər daşıyıb aparırdılar.
Anamın əmisi Qara Şəfiyev Almaniyadan Şuşaya od dəyirmanı gətirib quraşdırmışdı. Ermənilər sonralar o dəyirmanı da söküb bütün avadanlıqlarını Xankəndinə apardılar. Şuşada istirahət evi adlandırılan Bəhmən Mirzənin kompleksinin böyük bir qapısı olub. Həmin qapını sütunları ilə birgə söküb Xankəndində Maksim Qorki adına Dram Teatrının qarşısına qoymuşdular.
Onların vəhşiliklərini saymaqla bitmir. Sizə “Şirin su” adlandırdığımız hamamı necə dağıtmaqlarını deyə bilərəm. Deməli, hamamın kümbəzini dağıtmışdılar, üstünə də daş, torpaq töküb asfaltlamışdılar. Yerində boş bir sahə yaratmışdılar. Bir neçə ay ərzində hamamın içindəki daşını, torpağını təmizləyib yerin altından üzə çıxartdıq. Salamat yerində idi. Bərpa etdik, işlədi.
Vilayətin prokuroru İsaqulov adında erməni sonralar Moskvada təsadüfən Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənovu görəndə deyib ki, o hamamda oldum. Nə gözəl yerdir, nə qəşəng düzəltmisiniz”, - deyə T. Süleymanov əlavə edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Şuşa Memarlıq Abidə tarix