30 həkim əmək yarmarkasında özünə iş tapdı

  18 Sentyabr 2020    Oxunub : 2225
30 həkim əmək yarmarkasında özünə iş tapdı
Naxçıvanda keçirilən səhiyyə işçilərinin əmək yarmarkasında 67 nəfər işə göndəriş alıb.
Azvision.az xəbər verir ki, yarmarka Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında uğurlar əldə edilib. Naxçıvan Dövlət Universitetində, Naxçıvan Tibb Kollecində ixtisaslı kadr hazırlığı aparılıb, hamilik proqramı icra edilib, tibb ocaqları ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunub. Bu da yerli həkim kadrların ixtisas hazırlığında, təcrübi biliklərinin zənginləşdirilməsində müstəsna rol oynamaqdadır.



Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev əmək yarmarkalarının keçirilməsinin əməkqabiliyyətli əhalinin işlə təmin edilməsində mühüm rol oynadığından danışıb.

Sonra işaxtaranlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binasında təşkil edilən əmək yarmarkasında boş iş yerləri ilə tanış olublar. Yarmarkada həkimlər üçün 463, orta tibb işçiləri üçün isə 77 olmaqla, ümumilikdə 540 vakant iş yeri təklif edilib.

Yarmarkada 30 həkim və 37 tibb bacısı olmaqla 67 nəfər işə göndəriş alıb.

Azvision.az

Teqlər: Naxçıvan   Səhiyyə   Tibb-işçisi