“General Əliağa Şıxlinski” gəmisinin təmiri başa çatdı

  17 Sentyabr 2020    Oxunub : 2259
“General Əliağa Şıxlinski” gəmisinin təmiri başa çatdı
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri uğurla başa çatıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Azvision.az -a verilən məlumata görə, ASCO-nun 600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Təmir müddətində pər-sükan qurğuları elektrik mühərrikləri ilə birlikdə, 600 tonluq kran qolu (strela) demontaj olunaraq çıxarılıb və əsaslı təmirdən sonra yerinə quraşdırılıb. Kranın bütün burazları dəyişdirilib, yük göyərtəsi və üst tikili təmizlənərək rənglənib. Eyni zamanda digər maşın və mexanizmlərə baxış keçirilib və lazım olan texniki xidmət göstərilib.



İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

“General Əliağa Şıxlinski” kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Bu gəminin uzunluğu 141.4, eni 54.5 metrdir. Gəmi 3×2510 at gücünə malik sükan-pər qurğuları ilə (VRK) təchiz olunub.

Azvision.az

Teqlər: General-Əliağa-Şıxlinski   Gəmi   Təmir