Heydər Əliyev Fondunun ölkə təhsilinə növbəti töhfəsi - FOTOLAR

   Heydər Əliyev Fondunun ölkə təhsilinə növbəti töhfəsi -  FOTOLAR
  16 Sentyabr 2020    Oxunub:6408
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Azvision.az xəbər verir ki, Xaçmaz, Saatlı, Kürdəmir, Şamaxı, Lerik, Astara və Masallı rayonlarında yeni istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq olub.

Xaçmaz

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbi yeni tədris ilində istifadəyə verilib.

Tanışlıq zamanı bildirilib ki, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyətə başlayıb. Məktəb binası yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 1176 şagird yerlik binanın əsaslı təmiri həyata keçirilib. Tədris ocağı zəruri mebel və avadanlıqla, fənn kabinetləri ilə təchiz edilib. Təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də qurulub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.
Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTOLAR

Məktəb binasında 55 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, 2 informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Məktəbin heyətinə asfalt döşənib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bundan başqa, məktəb ərazisində Qarabağ döyüşlərində şəhid olan məzunların xatirə lövhəsi yaradılıb, iki idman meydançası salınıb.

Saatlı

Saatlının ucqar yaşayış məntəqəsi olan Orta Muğan kəndində 432 şagird yerlik yeni məktəb binası kollektivin istifadəsinə verilib. Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

Məktəbin direktoru Zakir Tağıyev bildirib ki, Orta Muğanda ilk dəfə 1930-cu ildə 4 illik siniflər üzrə tədrisə başlanılıb, 1958-ci ildə isə ümumi orta təhsil müəssisəsi yaradılıb. 1975-ci ildə isə inşa edilən məktəb binası isə tam orta məktəb kimi fəaliyyət göstərib. Son illər bina istismar müddətini başa vurduğu üçün tədrisdə bir sıra çətinliklər yaranırdı. Lakin yeni binanın inşası artıq bu çətin günləri geridə qoyur. Müasir standartlara uyğun inşa edilən binada bütün zəruri şərait yaradılıb.

432 şagird yerlik məktəb binası 2 mərtəbə və 3 blokdan ibarətdir. Binada 18 sinif otağı və fənn kabinələri, iclas və idman zalları, bufet var. Sinif otaqları və fənn kabinələri, zallar lazımi inventarlarla təmin edilib. Həmçinin məktəbin ərazisində stadion yaradılıb. Məktəbin həyətində abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Məktəb direktoru qeyd edib ki, ucqar kənddə belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Salyanda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. O, həm kollektiv, həm də kənd sakinləri adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Yeni məktəb binasının inşası müəllim kollektivi ilə yanaşı, şagird və valideynləri də sevindirib.

Məktəbin şagirdi Mələk Xəlilzadə sevincini belə ifadə edib: “Məktəbimiz üçün yeni binanın tikilməsinə görə çox sevinirik. Bu bizim üçün çox böyük bayram oldu. Sinif otaqlarımız işıqlı və genişdir, məktəbdə bütün şəraitimiz var. Çalışacağıq ki, bu gözəl məktəbdə əla qiymətlərlə oxuyaq”.

Övladları məktəbdə təhsil alan kənd sakini Hüseyn Muxtəsimov isə köhnə binadakı çətinliklərin artıq arxada qaldığını vurğulayıb: “Ötən illərdə məktəbdə tədris zamanı çətinliklər olurdu. Dam örtüyü bərbad olan binanın işıqsız otaqlarında istilik sistemi olmadığı üçün müəllimlərlə birgə şagirdlər də əziyyət çəkirdi. Lakin indi çox gözəl məktəb binası tikilib. Bunun üçün ölkə rəhbərinə və Heydər Əliyev Fondunun prezidentinə təşəkkür edirik”.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və rayon rəhbərliyi müəllim və şagird kollektivi ilə görüşüb. Yeni tədris ilində kollektivə uğurlar arzu edilib, məktəblilərə dərs ləvazimatları hədiyyə olunub.

Kürdəmir

Kürdəmir şəhər H.Həsənov adına 7 saylı 40 yerlik körpələr evi–uşaq bağçasının yeni binası da sentyabrın 16-da qapılarını balacaların üzünə açıb.

Bildirilib ki, Kürdəmir şəhər 7 saylı körpələr evi–uşaq bağçası 1992-ci ildə inşa olunub. 140 yerlik nəzərdə tutulan bağçada tikinti işləri tam başa çatdırılmadığı üçün 40 yerlik olaraq fəaliyyət göstərmişdi. Bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçası inşa edilib.

40 yerlik körpələr evi–uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur.

Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb.

Şamaxı

Şamaxı rayonunun Quşçu kənd körpələr evi–uşaq bağçası da fəaliyyətə başlayıb. Şamaxıdan 27 kilometr məsafədə yerləşən Quşçu kəndi rayonun iri yaşayış məntəqələrindəndir. Hazırda kəndin 5148 nəfər əhalisi var. Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni uşaq bağçası kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Qeyd edək ki, Quşçu kənd körpələr evi–uşaq bağçası 1986-cı ildən sovxoz üçün inşa olunan, uşaq bağçasına uyğunlaşdırılan birmərtəbəli binada fəaliyyət göstərib. Bağçanın binası ötən ilin fevral ayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Elə həmin il Heydər Əliyev Fondu tərəfindən yeni uşaq bağçasının inşasına başlanıldı və tikinti bu ilin avqustunda başa çatdırıldı. 40 yerlik körpələr evi–uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, ayrıca tibb korpusu, camaşırxana, digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları, söhbətgahlar quraşdırılıb.

Bağçanın işçiləri, eləcə də valideynlər belə gözəl məkana görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Nəvəsi Muradı uşaq bağçasına gətirən Atlas Fətullayeva da bu işdə əziyyəti keçənlərə minnətdarlığını bildirərək deyib: “Sağ olsun Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti, bizə belə bir hədiyyə etdi. Zəlzələdən sonra yararsız hala düşən bağçamız yenisi ilə əvəzləndi. Özü də əvvəlkindən qat-qat yaxşıdır. İndi körpələrimizdən tam arxayın ola bilərik. Bağçada hər cür şərait var”.

Lerik

Lerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbi 1923-cü ildə ibtidai məktəb kimi fəaliyyət göstərib. 1928-ci ildə məktəb üçün Akuşəpeşdə kəndində bina tikilib. 1933-cü ildə isə 7 illik məktəb kimi fəaliyyətə başlayıb, 1950-ci ildən orta məktəb statusu alıb. 1987-ci ildə Siyov kəndində fin tipli yeni məktəb binası tikilib və məktəb Siyov kəndinə köçürülüb.

Kənddə Heydər Əliyev Fondu tərəfindən yeni 132 şagird yerlik məktəb binasının inşasına 2019-cu ilin sonlarında başlanıb və tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb. İkimərtəbəli bina iki korpusdan ibarətdir.

Məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında 11 sinif otağı, fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, yeməkxana, akt və idman zalları və açıq idman meydançası da var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Siyov kənd tam orta məktəbinin istifadəyə verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

Bu kənddə fəaliyyət göstərən uşaq bağçası isə 1985-ci ildə kolxoz üçün inşa olunmuş, sonradan bir hissəsində Piran kənd ərazi icra nümayəndəliyi yerləşmiş binada 1989-cu ildən fəaliyyətə başlayıb. Bina ötən müddətdə istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən kənddə yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında başa çatıb.

İkimərtəbəli, 60 yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları, söhbətgahlar quraşdırılıb.

Astara

Astara rayonunun Ərçivan kənd körpələr evi-uşaq bağçası isə 1977-ci ildə sovxoz tərəfindən inşa olunmuş birmərtəbəli binada fəaliyyət göstərib. Bağçanın binası köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən körpələr evi-uşaq bağçasının yeni binasının inşası həyata keçirilib və 80 yerlik bina tikilib. Bağçada yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar var. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz olunub.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb.

Masallı

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan digər bağça isə Masallı rayonunun Səmidxan kəndində yerləşir.

Səmidxan kənd körpələr evi-uşaq bağçasının binası 1987-ci ildə inşa olunub. Binada müxtəlif vaxtlarda kitabxana, həkim məntəqəsi və müxtəlif təşkilatlar fəaliyyət göstərib. Sonradan bina istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Əsaslı təmir işlərinə 2019-cu ilin sonlarında başlanılıb və bu ilin iyun ayında yekunlaşıb.

Yüz yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, anbar, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb.

Sakinlər ucqar kənddə bağça binasının əsaslı təmir olunmasına görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.





























Azvision.az


Teqlər:   HeydərƏliyevFondu  





Xəbər lenti