Sumqayıtda tanışını döyərək öldürən şəxs saxlanıldı

   Sumqayıtda tanışını döyərək öldürən şəxs saxlanıldı
  11 Sentyabr 2020    Oxunub:3890
Sentyabrın 10-u saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Sumqayıt   Prokurorluq  





Xəbər lenti