Son 15 ildə məzunların sayı kəskin azalıb

 Son 15 ildə məzunların sayı kəskin azalıb
  08 Sentyabr 2020    Oxunub:4126
2019-cu ildə ümumtəhsil müəssisələrinin 80031 məzunu olub. Son on beş ildə məzunların sayı 43077 nəfər azalıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

DİM-in məlumatına əsasən, bu meyil artıq bir neçə ildir müşahidə olunur.

"Son on beş ildə məzunların sayı 34.99% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Ötən illə müqayisədə məzunların sayı 2455 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır. Bu il sənəd verənlərin 87.54%-ni (61256 nəfər) builki məzunlar təşkil edib.

Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83 və 2018-ci ildə 77.86% olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məzun  





Xəbər lenti