Bugünkü qəbul imtahanları başa çatdı

  13 Avqust 2020    Oxunub : 3787
Bugünkü qəbul imtahanları başa çatdı
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 16 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, avqustun 14-də DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

Azvision.az

Teqlər: DİM   İmtahan