Təhsilin inkişafı üçün hansı işlər görülməlidir?

Təhsilin inkişafı üçün hansı işlər görülməlidir?
  30 İyul 2020    Oxunub:4524
Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni Təhsil naziri Emin Əmrullayevi qəbul edərkən təhsil sahəsində aparılan islahatların daha da dərinləşməli olduğunu vurğulayıb. Ölkə başçısı bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi üçün mühüm tapşırıqlar verib.
Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev Azvision.az -a açıqlamasında bildirib ki, ölkə başçısının səsləndirdiyi fikirlərdə böyük həqiqət var. Onun sözlərinə görə, Azərbaycanda təhsilin pillələri arasında əlaqələr çox zəifdir.

"Təhsilin hər bir pilləsinə keçid rasional olmalıdır. Eyni zamanda təhsilin pillələri fasiləsizlik prinsiplərinə riayət etməklə bir-birilərini tamamlamalıdır. Ölkə başçısı tərəfindən orta təhsilin inkişafından tutmuş ali təhsilin inkişafına qədər mühüm sərəncamlar qəbul edilib. Onlardan ən mühümü “Təhsilin inkişafına dair Dövlət Srategiyası" sənədidir. Həmin sənədin icrası Azərbaycan təhsilinə xeyli yenililklər gətirdi, islahatları daha irəli apara bildi. Sənədin icrası dayanmayıb, davam edir.

Orta təhsil sahəsində islahatlara gəlincə, öncə müəllimlərin biliklərinin qiymətləndirilməsi, məktəb rəhbərliyinin seçilməsi prosedurları şəffaf olmalıdır. Bundan sonra tənqidlərə tuş gələn dərsliklərdəki qüsurlar bütün pedoqoji heyətin, mütəxəsisslərin dəstəyi ilə aradan qaldırılmalıdır".



Deputat bildirib ki, 2015-ci ildən qoşulduğumuz Bolonya bəyannaməsinin şərtlərinə və yerli ali təhsil sisteminə uyğun olaraq universitetlərimizin ali məktəblərin reytinq cədvəlində yer tutması istiqamətində işlər aparılmalıdır.

"Pandemiya dövrü göstərdi ki, informasiya cəmiyyətində yaşamağımıza baxmayaraq, ali məktəblərin böyük əksəriyyəti distant təhsilə hazır deyildi. Bu, ali təhsildə boşluq yaratdı. Orta təhsildə problemi qismən aradan qaldırmaq mümkün oldu. UNEC, ADA, Bakı Ali Neft məktəbi istisna olmaqla, distant təhsilin həyata keçirilməsinə digər ali məktəblər nail ola bilmədilər. Bu da tədris prosesində müəyyən boşluqlara səbəb oldu. Ali məktəb müəllimlərinin mobilləşməsi, daha çox təcrübə qazanmaq üçün inkişaf etmiş ölkələrin ali məktəbləri ilə əlaqələrin qurulması olduqca vacibdir. Ali məktəb kitabxanalarının yenidən formalaşdırılması, distant təhsilə yenidən baxılması, distant təhsilin ənənəvi təhsili tamamlaması, nəticədə keyfiyyətli təhsilin əldə olunması istiqamətində xeyli işlər görülməlidir".

E.Əliyev onu da qeyd edib ki, kollec təhsilində ciddi problemlər var və bu sahədə işlərin görülməsi labüddür.

"Kolleclərin univeristetlərə inteqrasiya olunmasına baxmayaraq, ciddi problemlər var. Cəmiyyət kollec təhsili və diplomlarını çox ciddiyə almır. Dünyanın hər yerində kollec təhsili var. İnteqrasiya prosesi güclənərək kollec təhsilinin nüfuzunun yüksəlməsinə gətirib çıxarmalıdır. Bundan əlavə, kollec pilləsi, ali təhsil pilləsində çox ciddi dərslik problemi müşahidə edilir. Tələbələrin dərsliklərlə təmin olunması istiqamətində boşluqlar mövcuddur. Düşünürəm ki, universitetlər beyin mərkəzlərinə çevrilməli, tədqiqat mərkəzləri yaradılmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   İslahat  





Xəbər lenti