Deputat Ramil Səfərovdan yazdı: "Mənəvi qurbanlardan biridir"

  27 May 2020    Oxunub : 2269
Deputat Ramil Səfərovdan yazdı:  "Mənəvi qurbanlardan biridir"
"Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur".
Azvision.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, erməni tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq hüquqi məsuliyyətinin qəbul olunmasına çalışsa da, onların bu iddiası təmin edilməyib: "AİHM rəsmi Budapeştin hərəkətlərində heç bir qanun pozuntusu tapmayıb. Ramil Səfərov Macarıstan hökuməti tərəfindən qanuni olaraq Azərbaycana verilib və Azərbaycan Konvensiyanın müddəalarına uyğun olaraq faktiki olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas məsələ budur. Bu qərar ümumi tədbirlər baxımında Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla heç bir təzminat müəyyən edilməyib".

A.Mirzəzadə təəssüflə qeyd edib ki, Avropa Məhkəməsi hadisənin baş vermə səbəbini araşdırmayıb və bu barədə qərarda heç bir istinad yoxdur.

"Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, bir milyondan çox vətəndaşımızı öz torpaqlarından qovması, on minlərlə vətəndaşlarımızı həyatdan məhrum etməsidir. Nəticə olaraq isə bir çox fəsadlar törənib, Ramil Səfərov da bunun mənəvi qurbanlarından biridir. Həmçinin Budapeştdə tədbir zamanı erməni zabitlərinin daima Azərbaycan nümayəndəsini və Azərbaycan dövlət atributlarını təhqir etməsi də hadisədə az rol oynamayıb.

Ermənistan bu məhkmə işindən Azərbaycana qarşı siyasi və diplomatik təzyiq aləti kimi istifadə etməyə, Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəyirdi. Bu isə onlarda alınmadı, - deyə deputat vurğulayıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: AHİM   Ramil-Səfərov   Deputat