Dünyanın ən fərqli akvariumundan REPORTAJ

  10 Yanvar 2014    Oxunub : 2584
Dünyanın ən fərqli akvariumundan REPORTAJ
İstanbula gələn turistlər, xüsusilə də həmyerlilərimiz əsasən tarixi yerləri, məscidləri, boğazı, qız qalasını gəzir. Amma İstanbulda görməli bir yer var ki, ora getdikdə insan bütün dərdini, problemlərini unudur, ruhu təzələnir, nağıllar aləminə düşürsən.



Bura İstanbulun ən böyük akvariumudur. İçəri daxil olduqda böyük bir elektron xəritə var və burda bir düyməni basmaqla dünyanı gəzə bilirsən. 100 dönüm ərazisi olan bu akvarium 16 müxtəlif otaqlardan, bir yağmurlu meşədən ibarətdir. Otaqların hər birinin öz adı və adına uyğun akvariumları var. Burda hansı növ istəsən balıq, suda yaşayan canlı görmək olar. Akvariumda yalnız balıqlar və canlılar deyil, eyni zamanda tarixi əks etdirən otaqlar var. Eyni zamanda mağazalar, kafelər var. Kino salonu, uşaqlar üçün oyun otaqları var. Demək olar ki, ziyarətə gələn hər kəsin rahatlığı tam təmin olunub. Akvarium 6.800 m3 su həcminə sahibdir. Burada 1.500 növ, cəmi 15 min ədəd dəniz və quru canlısı var. İlk girişdə bizi Nuhun gəmisi qarşılayır və burada İstanbul boğazı təsvir edilir.



İstanbulun Qapalı çarşısının təsvir edildiyi otaqdan Çanakqala boğazı, Ege, Qızıldəniz, Ağ dəniz və yağmur meşəsini izləmək olur. Akvariumda köpək balıqları ilə bir yerdə üzmək istəyənlərə də xüsusi şərait yaradılır. Onlara suya baş vurmaq üçün dalğıc geyimləri verilir. Eyni zamanda təhlükəsizliklərinin təmin olunması üçün yırtıcı balıqlar öncədən yemlənir. Doğrusu bura girdikdə hara baxacağını, hansı akvariuma yaxınlaşacağını bilmirsən. İnsan nəfəs belə almadan balıqların və digər dəniz canlılarının gözəlliyi və qeyri adiliyinin içərisində itib batmaq istəyir. Burada gəzmək üçün bələdçiyə də ehtiyac yoxdur.



Çünki hər bir akvariumdakı canlı haqqında yaxınlığında yerləşən elektron tablonun düyməsini basmaq yetərli olur. Burada böyük bir akvariumda var ki, çox qeyri -adidir. Tam akvariumun içinə girisən və balıqlar ətrafında üzür. Amma bu xəyali bir girişdir. Bu necə adlanır bilmirəm, amma özünü akvariumun içində görürsən...Böyük bir akvariumun içində min çeşid balıq var. Amma o balıqların heç biri o birini yemir. Bunun səbəbi isə akvariumdakı Limon köpək balığının liderlik etməsidir. Otaqlardan birinin adı isə Antarktidadır. Bura girirsən və hər tərəf buz bağlayıb. Buz dağına əlini toxundurmaq o qədər də asan olmur. İnsanın tir- tir əsdiyi bu otaqda bir çox canlılar da donmuş təsvir edilir.



Akvariumu gəzdikcə qarşımıza Truva atı, Heraklın heykəli çıxa bilər. Eyni zamanda Amazon meşələrində 30 dərəcə isti altında olan qurbağalarla rastlaşa bilərsiniz. Gəzinti bitdi deyə düşünürdüm ki, qarşıma mağara kimi bir qapı çıxdı. Oradan içəri daxil oldum və özümü yağmur meşəsində gördüm.
Süni yağan yağışdan qaçmaq istəyərkən qarşına div, zəhərli ilan, anakonda, dünyanın ən böyük sıçanı və timsahları çıxa bilər. Amma qorxmamaq üçün bunların sadəcə animasiya olduğunu seçmək lazımdır. Özünü vəhşi heyvanların arasında görsən də onlara əllə toxuna bilməzsən. Amma burada çəkdirdiyin xatirə şəkilini aldıqda arxanızda div, timsah və ya başqa qeyri -adı varlıqların sizə sarıldığın görə bilərsiniz. Bu arada onu da qeyd edim ki, içəri daxil olanda akvariumun işçiləri sizin şəklinizi çəkmək istəyə bilər.

Etiraz etməyin. Çünki şəkil sizə təslim ediləndə özünüzü hər hansı bir balıqla akvariumda, ya buz dağında, ya da timsahlarla qol boyun görə bilərsiniz... Bu şəkillər səyahətin ən maraqlı xatirəsidir. Cəmi 1 saat 30 dəqiqə sürən gəzintidən sonra insanın əsəbləri tam sakit, ruhu yenilənmiş çıxırsan....Amma Akvariumun qapısında atıq xəyali deyil, yırtıcı həyat səni gözləyir...

Məhsəti Şərif, İstanbul

Foto


Teqlər: