Kim əsgərilə necə vidalaşır? - FƏXRİ DƏFNLƏR
Müəyyən fərqlər olsa da, hərbi qulluqçuların dəfnində əsas rituallar bütün ölkələrdə demək olar ki, eynidir. Mərhumun şərəfinə yayılım atəşinin açılması, cənazənin mənsub olduğu ölkənin bayrağına bükülməsi bu oxşarlıqların əsas elementləridir.
ABŞ hərbiyyəsinin protokoluna görə, ölkənin bütün hərbi veteranları təntənəli dəfn olunmaq hüququna malikdirlər. Dəfn prosesində fəxri müşayiət müəyyən edilir. Müşayiətdə ayrı-ayrı bölmələrin hərbi qulluqçuları yer alır. Bundan başqa, mərasimdə hərbi orkestrin, cənazə üçün qarovul və dəfn zamanı əsgərlərin müşayəti mütləq şərtlərdən hesab olunur. Cənazə son mənzilə ya xüsusi avtomobillərdə, ya da lafetlər vasitəsilə çatdırılır. Cənazənin üzərinə mütləq şəkildə ABŞ bayrağı və hərbi qulluqçunun baş geyimi qoyulur.
Sonda hərbiçinin xidmət dövründə təltif olunduğu orden və medallar nümayiş edilir. Cənazənin torpağa tapşırılması zamanı dövlət himni səslənir. Himn 3 yaylım atəşilə müşayət olunur.
1938-ci ildən başlayaraq ABŞ-da dövlət dəfnləri zamanı hərbi təyyarələr “Missing man” yəni “çatışmayan adam” düzülüşündə uçuş həyata keçirilər. Bu düzülüş zamanı təyyarələrdən biri qəfildən göyə qalxaraq kolondan uzaqlaşır. Bu ritual mərhumun hərbi sıraları əbədi olaraq tərk etdiyini simvolizə edir.
Arlinqton hərbi qəbirstanlığında 300 mindən artıq hərbi qulluqçu dəfn olunub. Yalnız hərbi xidmət keçənlərin dəfn olunduğu qəbirstanlıq ilk olaraq 1861-1865-ci illərdəki vətəndaş müharibəsində həlak olanlar üçün salınıb. Daha sonralar Dünya müharibələri, Koreya və Vyetnam müharibələrinin iştirakçıları da son mənzilə Arlinqton qəbirstanlığında yola salınıb. Con Kennedi də daxil olmaqla, bir çox ABŞ dövlət xadimlərinin məzarı Arlinqton qəbirstanlığında yerləşir.
Böyük Britaniya ordusu da hərbi dəfnlər zamanı xüsusi rituallardan istifadə edirlər. Hərbi qulluqçunun Britaniya bayrağına bürünmüş cənazəsi hərbi hissələrin yerləşdiyi küçə boyu qəbirstanlığa yönəldilir. Bu zaman cənazəni müşahidə edən fəxri qarovul dəstəsi tabelyindəki silahları qundağı aşağı vəziyyətdə saxlayırlar.
İndoneziyada isə hərbi qulluqçuların dəfni zamanı eyni rituallar yerinə yetirilsə də, hərbi orkestrdən istifadə olunmur.
Türkiyədə və əksər müsəlman ölkələrində mərhumun nəşi torpağa tapşırılmazdan öncə mərasim iştirakçıları tərəfindən cənazə namazı qılınır.
Vüqar İsmayılov
AzVision.az