`Olimpiadadan sonra Qafqazda müharibə başlayır`

`Olimpiadadan sonra Qafqazda müharibə başlayır`
  01 Yanvar 2014    Oxunub:1103
“Foreign Policy”: “Hər şey idman yarışının təhlükəsizliyinin necə təmin edilməsindən asılı olacaq”.
ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalı 2014-cü ildə qlobal sabitliyi təhdid edəcək münaqişələrin siyahısını hazırlayıb.

AzVision.az adıçəkilən nəşrə istinadən xəbər verir ki, siyahıya artıq hərbi münaqişələrin davam etdiyi ölkələrlə yanaşı vəziyyətin gərginləşməyə doğru getdiyi münaqişə ocaqlarına malik ölkələr də daxil edilib. Jurnal belə regionlardan birinin də Şimali Qafqaz olduğunu yazıb. Məqalədə bildirilir ki, Soçi Qış Olimpiya Oyunlarından sonra bu regionda irimiqyaslı hərbi münaqişə başlaya bilər.

Jurnal qlobal təhlükəsizlik və sabitliyi təhdid edən münaqişələr sırasında Suriyadakı münaqişəni birinci yerdə göstərib. Bu ölkədə artıq üç ildir ki, Əsəd rejimi ilə silahlı müxaliflər arasında qanlı döyüşlər gedir. Jurnalın analitikləri qeyd edirlər ki, Suriyanın kimyəvi silahlarının məhv edilməsi münaqişənin gedişinə heç bir təsir göstərməyib. Jurnal Livanın da tədricən bu münaqişəyə qoşulduğunu, nəticədə bu ölkədə vəziyyətin gərginləşdiyini bildirir.

Siyahıda daha bir neçə ölkə, o cümlədən silahlı qarşıdurmaların yaşandığı Mərkəzi Afrika Respublikası, Sudan, İraq və Liviya da yer alır. Jurnal 2014-cü ildə Mərkəzi Asiyanın da müharibə təhlükəsi qarşısında olacağını bildirir. Belə ki, NATO kontingentinin Əfqanıstandan çıxarılmasından sonra “Taliban”ın region ölkələrinə hücumu riski artacaq. Eyni zamanda bir çox Mərkəzi Asiya respublikalarında siyasi sistemdə vərəsəliyi təmin edən mexanizmlər yoxdur və hakimiyyət uğrunda klanlar arasında güclü mübarizə başlaya bilər.

Şimali Qafqaza gəldikdə isə jurnal qeyd edir ki, bu regionda irimiqyaslı hərbi münaqişənin başlaması daha çox Soçi olimpiadasının təhlükəsizliyinin təmin edilməsindən asılı olacaq. Rusiyanın Volqoqrad şəhərindəki son terror aktlarından sonra gözlənilir ki, olimpiada başa çatandan sonra Şimali Qafqazda yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyat başlayacaq.

“Foreign Policy” qeyd edir ki, Rusiya hakimiyyəti idman yarışlarının başa çatmasından sonra yaraqlılara qarşı sərt güc tətbiqi siyasətinə qayıdacaq, nəticədə Rusiyanın cənubu üçün 2014-cü il qanlı keçəcək.

Tərcümə - Virtualaz.org


Teqlər:  





Xəbər lenti