“Sınaqdan uğurlu çıxmağın 3 mühüm şərti var” - Tahir Mirkişili

  31 Mart 2020    Oxunub : 3123
“Sınaqdan uğurlu çıxmağın 3 mühüm şərti var” - Tahir Mirkişili
Beynəlxalq təşkilatlar 2020-ci il üçün dünyada iqtisadi artım proqnozunu +2.6%-dən -1.5%-ə endiriblər. Karantin tədbirlərinin qlobal tələbi və təklifi azaltması labüddür. Digər tərəfdən, dünya bazarlarında neftin qiymətlərinin 2 dəfəyə yaxın enməsi vəziyyəti daha da kəskinləşdirir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu vəziyyətin nə qədər və hansı formada davam edəcəyi ilə bağlı bir çox proqnozlar var. “Amma burada bir mühüm məqamı da qeyd etmək lazımdır. İqtisadi nəzəriyyələrə görə böhran dövründə dövlətin rolu xeyli artır və məhz onun çevikliyi, verdiyi qərarlar və icra mexanimzləri böhranı dəf etməkdə və ya minimal itkilərlə post-krizis dövrünə daha yaxşı keçməkdə həyati əhəmiyyətli rol oynayır”.

Komitə sədrinin sözlərinə görə, müasir vəziyyətin təhlili göstərir ki, indiki sınaqdan uğurlu çıxmağın 3 mühüm şərti var.

“Birinci dövlətin çevikliyi və effektivliyi, ikinci ehtiyatların mövcudluğu, üçüncü isə iqtisadiyyatın şəffaflığıdır. Məhz bu 3 şərtə uyğun gələn ölkələr epidemiyanın daha çox yayılmasının qarşısını ala biləcək, dəyən iqtisadi və sosial zərərləri kompensasiya edə və post-krizis dövrünə daha hazırlıqlı daxil olaraq yüksək inkişaf göstəricilərinə sahib olacaqlar.

Fikir verdinizsə, bu 3 mühüm şərt Prezident İlham Əliyev tərəfindən 2018-ci ildən daha da sürətli və əhatəli həyata keçirilən sosial-siyasi-iqtisadi islahatların əsas məqsədlərindəndir. Yəni, Azərbaycan dövləti bugünkü şəraitə hələ 2 il bundan öncə hazırlaşırdı. Və nəticələr bunlardır:

1. Məhz son illər idarəetmə sahəsində aparılan islahatlar, kadr dəyişiklikləri və idarəetmə prinsiplərində yeniliklər dövət orqanlarını xeyli çevik etmişdir. Dövlət başçısının taprşıqlarını yerinə yetirən hökumətin çevikliyi və peşəkarlığı çox yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vətəndaşların qorunması üçün həyata keçirilən tədbirlər xüsusi təqdir olunur.

2. Toplanan və qorunan strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan (ÜDM) çoxdur. Məhz bu amil qlobal böhranın ölkə vətəndaşlarına təsrini minimallaşdırır, manatın kursunu sabit saxlayır və maliyyə dəstəyi üçün digər təşkilat və dövlətlərə müraciət etməməyi üçün mühüm suveren əsas yaradır. Eyni zamanda, dövlətin digər mühüm ehtiyatları vətəndaşlara sosial yardımlar etməyə, sahibkarlıq subyeklərinə dəstək üçün 1 milyard manat vəsait ayırmasına imkan yaradır.

3. Son illər aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının səffaflıq səviyyəsinin artırılmasına imkan yaratmış, büdcə gəlirlərini artırmış və dövlət sahibkar münasibətlərində yeni bir mərhələ yaratmışdır. Dövlət Başçısının son sərəncamında sahibkarlıq subyektlərinə dəstək məqsədilə işçi qruplar qarşısında qoyulan vəzifələrin bir hissəsi iqtisadiyyatımızın daha da şəffaflaşmasına, uçotun təkmilləşməsinə və innovativ fəaliyyətin artmasına şərait yaratmaq məqsədi daşıyır. Eyni zamanda, artıq hər kəsə aydındır ki, vətəndaşlarımızın da daha intizamlı olması verilən tapşırıqların daha səmərəli icrasına imkan yaratmış olacaq.

Yuxarıda göstərilən bütün faktlar onu deməyə əsas verir ki, Azərbaycan bu sınaqdan üzüağ çıxacaq. Dövlətimiz daha da güclənəcək, iqtisadiyyatımız daha dayanıqlı olacaq, insan kapitalının və innovasiyaların rolu daha da artacaq. Biz birlikdə həmişə güclü olmuşuq, yenə də birlikdə olmağın əsl vaxtıdır”, - deyə T.Mirkişili qeyd edib.

Azvision.az

Teqlər: Deputat