Bir milyondan çox ABŞ-li müavinətdən məhrum olacaq
1,3 milyon adamın dolanacaq vəsaitindən məhrum olacağı gözlənilir. Kaliforniya ştatına daha ağır zərbə dəyəcəkdir: bu ştatın 214 min sakini müavinət almaq hüququndan məhrum olacaqdır.
Nyu-York və Nyu-Cersi ştatlarında vəziyyət bir qədər yaxşıdır: burada hakimiyyət orqanlarının öz aralarında razılığa gələ bilməməsindən “zərərçəkənlərin” sayı müvafiq surətdə 127 min və 90 min nəfər olacaqdır. Özü də Nyu-Cersidə bu rəqəm ştatın bütün əhalisinin 1 faizindən çoxdur ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Bu baxımdan Şimali Dakota və Cənubi Dakotada vəziyyət daha yüngüldür: bu ştatlarda əhalinin yalnız 0,05 faizini belə kədərli qismət gözləyir.
İşsizliyə görə müavinətlərin verilməsi proqramı 2008-ci ildə, resessiya nəticəsində işini itirmiş insanlara kömək məqsədilə həyata keçirilməyə başlanmışdı. Həmin vaxtdan ABŞ Konqresi onun qüvvədə olması müddətini 11 dəfə uzatmışdır, lakin 2014-cü maliyyə ili üçün federal büdcə haqqında ABŞ prezidenti Barak Obamanın lap bu günlərdə imzaladığı indiki qanuna bu tədbir daxil edilməmişdir.
Demokrat senator Cek Rid və respublikaçı konqresmen Din Heller növbəti dəfə müddətin üç ay uzadılması barədə təklif vermək niyyətindədirlər. Lakin bu, yanvardan, yəni qanunvericilərin bayram tətilindən qayıtmasından tez olmayacaqdır.
Konqresin Nümayəndələr palatasının spikeri respublikaçı Con Beyner xəbərdarlıq etmişdir ki, bu addımı yalnız o zaman dəstəkləyəcək ki, bu məqsədlər üçün xərclər başqa proqramların ixtisar edilməsi hesabına əldə olunmasın.
Demokrat senator Cek Rid jurnalistlərə demişdir: “İnsanlıq baxımından belə vəziyyət ağlasığmazdır”. Onun sözlərinə görə, “qanunvericilər buna yol verməməlidirlər”.
Cümə günü Ağ ev Konqres üzvlərini bu qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırdı.
Müavinətlərin qüvvədə olma müddətlərinin uzadılmasının əleyhdarları belə bir məsələyə diqqəti çəkirlər ki, işsizliyin səviyyəsi azaldıqca müavinətlər də aktuallığını itirir. Hazırda işsizliyin səviyyəsi təqribən 7 faizdir və mütəxəssislərin proqnozlarına görə, gələcəkdə daha da azalacaq.
Məsələn, “Moody`s” reytinq agentliyinin analitik bölməsinin baş iqtisadçısı Mark Zandi belə hesab edir ki, müavinətlərin sayının azalması əmək bazarında vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaqdır.
Onun fikrincə, bir çox adamlar ayda təqribən 1,2 min dollar təşkil edən bu müavinəti alıb iş axtarmaqdan əl çəkir və sadəcə işsiz hesab olunmağı daha üstün tuturlar.
Teqlər: