Bankomatlardan istifadəni minimuma endirin!

Bankomatlardan istifadəni minimuma endirin!
  18 Mart 2020    Oxunub:1951
Azərbaycan Banklar Assosiasiyası (ABA) nağdsız ödənişlərin COVID-19 virusu ilə yoluxma təhlükəsini azaltmasına dair tövsiyələr verib.
ABA-dan Azvision.az-a verilən məlumata görə, hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş COVID-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsilə də yoluxmaya səbəb ola bilir. Bu səbəbdən xüsusilə insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin ciddi şəkildə yuyulması və ümumiyyətlə zərurət olmadıqda bankomatdan istifadənin minimuma endirilməsi tövsiyə edilir.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, bu kimi virusların kağız əsginaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur.

Qeyd edək ki, POS-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatın aparılması mümkündür. Yəni, kartı ticarət obyektlərinin kassirinə təqdim etmədən yalnız POS-terminala yaxınlaşdırmaqla ödəniş aparmaq olar. Hazırda ölkədə fəaliyyət göstərən 25 mindən çox təsərrüfat subyektində təmassız ödənişlər qəbul edən POS-terminal quraşdırılıb.

Azərbaycan Banklar Assosiasiyası nağd puldan istifadəni minimallaşdırmaq üçün kütləvi xarakter daşıyan xidmətlər, xüsusilə də kredit, kommunal, mobil telefon və digər ödənişlərin internet üzərindən və ya bankların təqdim etdiyi mobil və internet bankçılıq xidmətləri vasitəsilə nağdsız formada həyata keçirilməsinə üstünlük verilməsini tövsiyə edir.

Azvision.az


Teqlər: Bankomat  





Xəbər lenti