Rezidenturaya sənəd qəbulu elan edilir

Rezidenturaya sənəd qəbulu elan edilir
  13 Fevral 2020    Oxunub:2315
Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) müvafiq hesabına əlavə edir. Ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 13-dən 27-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiqləyir.

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 17-də keçiriləcək.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılır.
Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılır.

Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci nömrəsində dərc olunub. Bu nömrədə namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda, “Rezidentura” jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

Qeyd 2. Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəzdə fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2020, səh. 2).

Qeyd 3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti