Azərbaycanda yeni külək və günəş elektrik stansiyaları tikiləcək

   Azərbaycanda yeni külək və günəş elektrik stansiyaları tikiləcək
  10 Fevral 2020    Oxunub:6519
2020-ci il “Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək:

"İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaqdır. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək.

Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər".

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti