Yanukoviç insult keçirib – İDDİA

Yanukoviç insult keçirib – İDDİA
  24 Dekabr 2013    Oxunub:1168
Ukrayna mətbuatı ölkə prezidenti Viktor Yanukoviçin xəstəxanaya yerləşdirilməsi barədə hələ təsdiqini tapmayan məlumat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə öncə İNSİDER məlumat yayıb. Xəbərdə deyilir ki, yüksək çinli dövlət məmurlarının müayinə və müalicə olunduğu “Feofaniya” xəstəxanasına dekabrın 20-də axşam saatlarında dövlət mühafizə xidmətinin maşınlarından ibarət kortej gəlib. Jurnalistlər bu viziti öncə ölkənin keçmiş prezidenti Leonid Kuçmanın səhhətindən şikayətlənməsi ilə əlaqələndiriblər. Amma dərhal da bildirilib ki, onun kortejdən istifadə etməsi mümkün deyil. Qanuna görə, dövlət mühafizə xidmətinin kortejindən yalnız üç şəxs istifadə edə bilər: prezident, baş nazir və spiker.

Jurnalistlərin araşdırması nəticəsini verib. Məlum olub ki, dekabrın 20-də Kiyevin mərkəzi prezident kortejinə görə saatlarla donub. Bu zaman hətta “Berkut” xüsusi təyinatlıları da kortej üçün yol açmaqda yol polisinə kömək edirmiş ki, bu da maşındakı şəxsin sıradan biri olmadığını göstərir.

“Feofaniya” xəstəxanasındakı mənbə deyib ki, binanın ikinci mərtəbəsi hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altındadır. Xəstəxanaya heç nə və heç kim buraxılmır. Bazar günü xəstəxanaya ziyarətə gəlmək də qadağan olunub, xəstə yaxınları içəri buraxılmayıb. Xəstəxanadakı mənbə jurnalistlərə bildirib ki, Yanukoviç onların pasiyentidir və prezidentin insult keçirdiyi deyilir.

“Həmin xəstənin məhz Yanukoviç olduğunu dolayısı ilə təsdiqləyən digər fakt budur ki, dekabrın 24-də Moskvaya getməli olan Yanukoviçi baş nazir Nikolay Azarov əvəzləyəcək” - deyə “Seqodnya” nəşri UNİAN-a istinadən bildirir.

Yanukoviçin xəstələnib-xəstələnməməsi barədəki şayiə dolu bu informasiyalar hələlik heçm bir rəsmi struktur tərəfindən təkzib və təsdiq olunmur.

Virtualaz.org


Teqlər:





Xəbər lenti