Bu il 51 şəhər və rayonda qazlaşma işləri aparılacaq

Bu il 51 şəhər və rayonda qazlaşma işləri aparılacaq
  05 Fevral 2020    Oxunub:1979
2020-ci ildə Azərbaycanda qazlaşma işlərinin həyata keçirilməsi üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, bu vəsait hesabına bu günə qədər qaz almayan bir çox yaşayış məntəqələri (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq. Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır. İlkin olaraq qeyd edək ki, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40-dan çox yaşayış massivi qazlaşma proqramında əksini tapacaq.

Eyni zamanda Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq. Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə, 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Bura ötən il icrasına başlanılan qazlaşmanın birinci mərhələsinə aid olunan 16 massiv də daxildir. Hazırda onlardan 5-də son tamamlanma işləri aparılır.

Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivlərinin 2020-ci ildə 100 % qazlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu il “Azəriqaz” İstehsalat Birliyi üçün uğurlu il olub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 %-ə çatdırılıb. Regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2 milyon 300 minə bərabər olub.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti