Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb

Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb
  27 Yanvar 2020    Oxunub:2587
Yanvarın 27-də Kürdəmir rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayıb.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, bununla da, ölkə üzrə KOB dostlarının sayı 21-ə çatıb. KOBİA-nın, yerli icra hakimiyyətinin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə çıxış edən agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, eləcə də "KOB Dostu"nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib, sahibkarları "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət edib. Bildirilib ki, 2020-ci ildə də "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostları fəaliyyətə başlayacaq.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, "KOB Dostu"nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə, həmçinin "KOB Dostu" mexanizminə, daxili bazar araşdırmalarına dair videoçarxlar nümayiş olunub.

Sonra tədbir iştirakçıları Kürdəmirdə yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək "KOB Dostu"nun ofisi ilə tanış olublar. Qeyd olunub ki, burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər "KOB Dostu" ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də "KOB könüllüləri" fəaliyyət göstərəcək.

Tədbir çərçivəsində sahibkarların problemlərinin və təkliflərinin öyrənilməsi üçün sorğu keçirilib.

Azvision.az


Teqlər:





Xəbər lenti