Son illər Azərbaycanda cüzam xəstəliyinə rast gəlinmir

  27 Yanvar 2020    Oxunub : 1823
Son illər Azərbaycanda cüzam xəstəliyinə rast gəlinmir
Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin gün 1953-cü ildə təsis edilib.

"Bu, bütün həyatını qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində mümkün olub. Bu günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir".

Qeyd olunub ki, Cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları - qranulomalar (onlara leproma deyilir) əmələ gəlir. Onu bəzən lepra və ya prokaza, yaxud Hanzen xəstəliyi də adlandırırlar.

Bildirilib ki, Cüzam bəşəriyyətə məlum olan ən qədim xəstəliklərdən biridir: "Bu xəstəlik haqqında məlumatlara eradan əvvəl XV-X əsrlərə aid olan qədim yazılı abidələrdə rast gəlinir. Tibb elminin müasir uğurları sayəsində dünyada 14 milyon insan bu qorxunc xəstəlikdən xilas olub. Cəsarətlə söyləmək olar ki, dünyanın təxminən 100-ə yaxın ölkəsində cüzam xəstəliyi tamamilə yox dərəcəsindədir. Lakin Hindistan, İndoneziya, Banqladeş, Braziliya və Mərkəzi Afrikanın bəzi ölkələrində bu xəstəlik ciddi problem olaraq qalır.

Ölkəmizdə cüzam xəstələrinin sayı çox azdır və son illər ona rast gəlinmir. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar".

Azvision.az

Teqlər: Nazirlik   Səhiyyə   Xəstəlik   Cüzam