Sahil Babayev hesabat verdi - FOTOLAR

Sahil Babayev hesabat verdi -    FOTOLAR
  18 Yanvar 2020    Oxunub:7130
2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat verir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.



Nazir bildirib ki, 2019-cu ilin yekunlarına dair keçirilən müşavirədə dövlətimizin başçısı 2019-cu ildə çox geniş sosial paketin əhaliyə təqdim edildiyini qeyd edərək, “Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır” deyə bəyan edib.



S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.



Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından bəhs edən S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənəat edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.



Dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılmasının məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini bildirib.



Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Fuad Heydərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov hesabat məruzələri ilə çıxış ediblər.



Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin yekunlarına dair müşavirədə verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr, cari ildə sosial sahədə aparılacaq islahatlar, habelə dövlət başçısının Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün aparılan işlər müzakirə olunub. Nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib, sosial islahatların bu il də geniş miqyasda davam edəcəyi vurğulanıb.



Azvision.az




Teqlər: ƏƏSMN  





Xəbər lenti