Suriya münaqişəsində dönüş

Suriya münaqişəsində dönüş
  21 Dekabr 2013    Oxunub:1066
Regional və yerli şərtlər Bəşər Əsədin xeyrinə dəyişir, Əsəd artıq hücuma keçir.
Bəşər Əsədə sadiq hökumət qüvvələri Suriyanın ikinci ən böyük şəhəri Hələbə hücum əməliyyatı təşkil edib. Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə, 3 gün davam edən ardıcıl bombardmanlar nəticəsində Hələbdə ən azı 100-dən artıq insan ölüb, daha çox insan isə yaralanıb. SHT Hələbdəki xəstəxanalarda çoxlu sayda yaralıların olduğu haqda xəbər yayıb.

Bu arada BMT dünya ölkələrinə müraciət edərək Suiryada 3 ildir davam edən vətəndaş müharibəsinin qurbanlarına yardım etmək üçün 6,5 milyard dollar yardım tələb edib. BMT-nin yaydığı məlumatda qeyd olunur ki, 22,5 milyon əhalisi olan Suriyada 2014-cü ildə əhalinin 4/3-ü humanitar yardıma ehtiyaclı olacaq.

Ancaq humanitar böhranın böyük miqyas aldığı Suriyada hərbi əməliyyatlar böyük miqyasda davam edir. Xüsusən də avqust ayında Suriyada kimyəvi silah böhranında sonra Qərb ölkələrinin və müttəfiqlərin Bəşər Əsədə qarşı planlaşdırdıqları müharibənin Rusiya və Çinin müdaxiləsi ilə baş verməməsindən sonra B.Əsəd Suriyada təşəbbüsü ələ almış kimi görünür. Artıq üçüncü böyük hərbi kampaniyanı başladan B.Əsəd ölkənin müxaliflərin möhkəmləndiyi əsas bölgələrinə hücumları intensivləşdirir. Müşahidələrə görə, B.Əsəd yanvarda keçiriləcək Cenevrə-2 konfransına qədər Suriya ərazilərinin böyük hissəsində nəzarəti bərpa etməyə çalışır. Qeyd edək ki, hazırda Suriya müxalifəti daxilində ciddi bölünmə baş verib. İslamçı qruplar birləşərək yeni İslami Cəbhə yaradıldığını elan etdikdən sonra Suriyada dünyəvi müxalifətin əsas silahlı birləşməsi hesab olunan Azad Suriya Ordusu ilə toqquşmalar artıb. Ötən həftə islamçıların ASO-nun baş qərargahını ələ keçirməsindən sonra silahlı müxalifətin lideri ölkəni tərk edib.

Hazırda bu vəziyyət Bəşər Əsədin maraqlarına cavab verir. İslamçı militanların fəallaşması və Suriyada artan zorakılıq xəbərləri Qərb ölkələrinin müxalifətə olan dəstəyinin azalmasına səbəb olub. Bir qədər əvvəl Qərb ölkələri müxalifətə yardımı dayandıracaqlarını açıqladılar. Qeyd edək ki, 2014-cü ildə Suriya prezident seçkiləri keçiriləcək. Hələlik qərar açıqlanmasa da, B.Əsəd və hökumət komandası bir neçə dəfə onun təkrar namizəd ola biləcəyinə işarə ediblər. Ötən gün Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad bildirib ki, heç kim prezident Bəşər Əsədə növbəti seçkilərdə namizədliyini irəli sürməyə mane ola bilməz. Heç bir qüvvənin Suriyanın daxili siyasətinə qarışmaq hüququ olmadığını qeyd edən hökumət nümayəndəsi bildirib ki, Bəşər Əsəd mütləq namizədliyini irəli sürməlidir. Hazırda Qərb və müttəfiq ölkələr Bəşər Əsədin yenidən prezidentliyə namizəd olmasına qarşı çıxsalar da, bununla bağlı ən qərarın Cenevrə-2 konfransında veriləcəyi gözlənilir.

Ancaq son olaylar onu göstərir ki, Bəşər Əsədin əlini gücləndirir. Suriya lideri həm cəbhədə təşəbbüsü ələ alır, həm də regionda siyasi vəziyyət onun xeyrinə dəyişir. İranla Qərb arasında yaxınlaşma, həmçinin Türkiyədə baş verən son hadisələr Suriya ilə bağlı siyasətə öz təsirini göstərəcək. Bütün bunlar indiki mərhələdə B.Əsədin mövqelərini gücləndirməsinə zəmindir.


Teqlər:





Xəbər lenti