MİDA-nın layihələrinə 80 milyona yaxın investisiya qoyulub

MİDA-nın layihələrinə 80 milyona yaxın investisiya qoyulub
  14 Yanvar 2020    Oxunub:3278
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclas keçirilib.
Azvision.az -ın məlumatına görə, iclası giriş nitqi ilə açan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təşkilatın 2019-cu ildə fəaliyyətinin əsas istiqamətləri və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib. İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən irimiqyaslı layihələr, Azərbaycanın hərtərəfli tərəqqisi naminə qəbul edilən dövlət proqramları ölkəmizin iqtisadi, siyasi, sosial və digər sahələrinin davamlı və dinamik inkişafına böyük təsirini göstərməkdədir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edən Sadiq Sadıqov 2019-cu ilin Agentliyin fəaliyyətində bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldığını vurğulayıb.

Bildirilib ki, 2019-cu ildə Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilmiş və 1112 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə isə Yasamal Yaşayış Kompleksində Agentliyin sərəncamında olan 1634 mənzildən 1390 ədədi bu günədək vətəndaşlar tərəfindən güzəştli şərtlərlə əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib. Hazırda həmin yaşayış kompleksində qalan mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi prosesi davam etdirilir.

24 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi ötən il ərzində başa çatdırılıb.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair bağlı ölkə başçısının tapşırıqlarını icra etmək məqsədilə Agentlik tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, Sumqayıt şəhərində 0.75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir. Gəncə şəhərində isə 6.23 hektar ərazi çoxmənzilli binaların tikintisi üçün Agentliyin sərəncamına verilib. Layihələndirmə işləri tamamlandıqdan sonra həmin ərazidə yaşayış kompleksinin tikintisinə başlanılacaqdır.

Agentliyin fəaliyyətində önəmli hadisələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 14.01.2019-cu il tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilməsi olub. Yeniliklərə “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması, mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə gözləmə qaydasında mənzil əldə etmək imkanının yaradılması və öz vəsaiti hesabına ödəniş edərək mənzil almaq istəyən şəxslər üçün satış elanı verilməsi aiddir. Bu günə qədər mənzilin alqı-satqısını rəsmiləşdirən şəxslərdən 46 nəfəri məhz gözləmə qaydasında mənzil seçmiş şəxslər olub.

Ötən il “Güzəştli mənzil” sisteminin müəlliflik hüquqlarının təsdiq olunması ilə bağlı əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, “Güzəştli mənzil” sistemi funksional cəhətdən effektiv və beynəlxalq səviyyədə unikal (innovativ) olduğuna görə sistemin əqli mülkiyyət hüquqlarının (əmtəə nişanı, müəlliflik hüququ, patent) qeydiyyatı ilə bağlı işlərə başlanılıb. İlk olaraq, Sistemin əmtəə nişanının qeydiyyatı məqsədilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə rəsmi müraciət ünvanlanmış və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə “Güzəştli mənzil” sisteminin əmtəə nişanı 3 dildə (Azərbaycan, rus, ingilis) təsdiq olunub.
Həmçinin, Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq “Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə” təqdim olunmuşdur. Sistemin beynəlxalq patentinin qeydiyyata alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət olunmuş və həmin müraciət qəbul edilərək müvafiq prosedurların yerinə yetirilməsinə başlanılmışdır.

Sadiq Sadıqov qeyd etdi ki, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirib.

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üzrə investisiya müsabiqələrinin qalibləri ilə müqavilələr imzalanıb. Bağlanmış müqavilələrə əsasən 60 milyon manata yaxın investisiya qoyuluşunun həyata keçiriləcəyi nəzərdə tutulur. Bundan əlavə, 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi ilə bağlanmış müqaviləyə əsasən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb edilib. Ümumilikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində Agentliyin həyata keçirdiyi layihələrə 80 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib.

Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müvafiq proqramlar çərçivəsində, həmçinin dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli məqsədilə binaların tikintisi həyata keçirilir.

Bu istiqamətdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən yaradılmış Komissiyanın Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə uyğun olaraq 2019-cu ildə Agentlik tərəfindən Hövsan Yaşayış Kompleksində 436 mənzil ayrılmışdır. Bu ikinci dövlət sifarişi layihəsidir. Bundan öncə Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində 77 mənzil Dövlət Sifarişi əsasında vətəndaşlara təqdim edilib.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Azvision.az


Teqlər: MİDA  





Xəbər lenti