Dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artıb

  14 Yanvar 2020    Oxunub : 1550
 Dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artıb
"Dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artıb, bu da pul siyasətini yumşaltma deməkdir və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait verilib. Təbii ki, onlar da o vəsaitlərdən kreditlərin verilməsi üçün istifadə edə bilərlər"
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

Mərkəzi Bankın sədri bildirib ki, Azərbaycanda son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır:

"Azərbaycanın xarici kreditor mövqeyi iki dəfədən yuxarıdır, yəni bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərimizdən iki dəfə çoxdur. Bu, onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılıb və tədricən bu dayanıqlılıq və makroiqtisadi sabitlik iqtisadi artımda və iqtisadi inkişafda mühüm rol oynamağa başlayır. Bu, iqtisadi inkişafa transformasiya olunur. Ötən il Mərkəzi Bankın mandatı bir qədər genişləndirildi. Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıbdır. Biz kreditləşmənin artdığını görürük, ötən il kreditlər 16 faiz artıb, o cümlədən bütövlükdə biznes kreditləri. Yəni, təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artıb. İstehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artıb və bütövlükdə bizim təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır".

E.Rüstəmov qeyd edib ki, cari il yanvar ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və bütövlükdə biznes ictimaiyyəti ilə geniş görüş keçirilib: "Bütövlükdə maliyyə sektoru ilə iş adamları arasında biznes sahəsində əlaqələrin formaları, burada olan mövcud problemlər müzakirə olundu, iş adamları bir sıra mühüm məsələlər qaldırdılar. Bu məsələlər sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində olan məsələlər tərəfimizdən həll olunacaqdır. Digər məsələlər isə müvafiq qurumlar, o cümlədən Nazirlər Kabinetinin müzakirəsinə təqdim ediləcəkdir".

Azvision.az

Teqlər: MərkəziBank   ElmanRüstəmov