Beynəlxalq yükdaşımalarla bağlı qərarın izahı

  30 Dekabr 2019    Oxunub : 1023
Beynəlxalq yükdaşımalarla bağlı qərarın izahı
Nazirlər Kabineti 513 nömrəli qərara aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, qərar beynəlxalq yükdaşımaları haqda Azərbaycan qanunvericiliyini beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişikliklərə əsasən:

1) Beynəlxalq sərnişin və yükdaşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsini yüksəltmək üçün hazırlıq və yenidən hazırlıq kursları keçməlidir. Hazırlıq kurslarının proqramını Nazirlər Kabineti təsdiq edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) isə hazırlıq kurslarını təşkil edir və kursu bitirmiş sürücülərə müvafiq sənədlər verir. Hazırlıq kurslarında sürücülərə, həmçinin insan alveri təhlükəsi və digər məsələlərlə bağlı situasiyalarda davranış qaydaları haqda bilik və vərdişlər öyrədlilir;
2) Milli operator və sürücülərə sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görmək, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamaq və belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etmək səlahiyyətləri verilir;
3) Beynəlxalq yükdaşımalarını həyata keçirən milli operatorların qarşısında belə bir tələb qoyur ki, onların istifadə etdikləri nəqliyyat vasitələri beynəlxlaq standartala uyğun olmalıdır. Bu standartlar isə yalnız Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan avtomobillərin istifadəsini tələb edir;
4) Yuxarıda sadalanan standratlara cavab verən milli operatorlara beynəlxlaq və tranzit sdaşımalarda iştirak üçün çoxtərəfli icazələr verilir. İcazələr NRYTN tərəfindən verilir və ərazisindən keçilən ölkələr tərəfindən də tanınır;
5) Beynəlxalq yük və sərnişindaşımalarını həyata keçirən milli operator həm fiziki, həm də hüquqi şəxs ola bilər;
6) Dəyişikliklər milli operatorların beynəlxalq miqyasda müəyyənləşdirilmiş həcmdə “maliyyə vəziyyəti”nə, yüksək “işguzar nüfuzu”a və “peşəkar səriştə”yə malik olmasını tələb edir.

“İşgüzar nüfuz” dedikdə, opertorun rəhbərlərinin və məsul şəxslərinin ağır cinayətlərə görə məhkumluğunun olmaması, habelə həmin şəxslərin sürücülərin iş və istirahət rejimi, nəzarət avadanlıqlarının quraşdırılması, nəqliyyat vasitələrinin istismara yararlılığı və təhlükəli yüklərin daşınması sahələrində ciddi qanun pozuntularına yol verməmələri nəzərdə tutulur.

“Maliyyə vəziyyəti” ilə bağlı meyara cavab verdyini təsdiq etmək üçün operator yalnız bir nəqliyyat vasitəsindən istifadə etdikdə ümumilikdə 9000 avro (yaxud milli valyutada ekvivalenti) və istifadə olunan hər əlavə nəqliyyat vasitəsi üçün daha 5000 avro (yaxud milli valyutada ekvivalenti) hesablanmaqla kapitalı olduğunu nümayiş etdirməlidir.

“Peşəkarlıq səriştəsi” operatorun məsul şəxslərinin və sürücülərinin daşıma fəaliyyəti ilə effektiv və münasib şəkildə məşğul olmaları üçün yetərli biliyə malik olmalarından ibarətdir.

Bu dəyişikliklər nəticəsində

- Azərbaycan Respublikasında beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların beynəlxalq daşımalarda iştirakının keyfiyyət göstəriciləri artacaq;
- onların beynəlxlaq Keyfiyyət Xartiyasının tələblərinə dair bilikləri təkmilləşdiriləcək;
- Xarici dölətlərdə milli daşıyıcılara qarşı cərimə sanksiyaların miqdarı azalacaq;
- Sürücülərin istirahət və iş rejiminə riayət etmələri təmin olunacaq;
- İcazələrin alınması beynəlxalq tələblər səviyyəsində təşkil ediləcəkdir.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Qərar