ƏDV ödəyicilərinin sayı 22,5 faiz artıb

ƏDV ödəyicilərinin sayı 22,5 faiz artıb
  10 Dekabr 2019    Oxunub:2037
Dekabrın 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 55 min 463 olub. Onların 139 min 666-sı və ya 13,2 faizi hüquqi şəxs və digər qurumlardır.
Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən Azvision.az -a verilən məlumata görə, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artıb. Artımın 98,6 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Hesabat dövründə kommersiya qurumlarının sayı 124 min 260 vahid təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə bu say 15 min 236 vahid və ya 14 faiz artıb. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 406 vahid olub. Onların sayında isə ötən illə müqayisədə 212 vahid və ya 1,4 faiz artım müşahidə edilib.

Noyabrda 1312 kommersiya qurumu qeydiyyata alınıb. Bu da ötən ilin eyni ayında qeydiyyata alınan kommersiya qurumlarının sayından 24,6 faiz çoxdur. Həmin vaxt 1053 kommersiya qurumu qeydə alınıb.

İlin əvvəlindən kommersiya qurumlarının 71,4 faizi (10 min 474) elektron qaydada qeydiyyata alınıb.

Qeydiyyatda olan kommersiya qurumlarının 39 min 917-si xidmət, 34 min 243-ü ticarət, 13 min 437-si tikinti, 9 min 57-si sənaye, 8078-i kənd təsərrüfatı, 3871-i rabitə, 2667-si nəqliyyat, 1149-u isə maliyyə sektorunda fəaliyyət göstərirlər.

Noyabr ayında qeydiyyata alınan kommersiya qurumlarının 41,4 faizi xidmət, 32,8 faizi ticarət, 4,4 faizi tikinti, 3,8 faizi sənaye, 3,8 faizi rabitə və 3,8 faizi kənd təsərrüfatı, 2 faizi nəqliyyat, 1,1 faizi maliyyə, 6,8 faizi isə digər sektorlarda fəaliyyət göstərəcəklər.

Bu ilin 11 ayı ərzində respublika üzrə kommersiya hüquqi şəxslərin sayının artması, əsasən məhdud məsuliyyətli cəmiyyətlərin hesabına mümkün olub. İlin əvvəlindən onların sayı 11 min 871-ə çatıb. Hazırda qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 86,9 faizi məhdud məsuliyyətli cəmiyyət formasında təşkil olunub. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,6 faizdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il dekabrın 1-dək kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22,5 faiz artaraq 33 min 280-ə çatıb.

Azvision.az


Teqlər: Vergilər-Nazirliyi   ƏDV  





Xəbər lenti