Azərbaycanda 20 məktəbdə tətbiq olunan pilot layihə - REPORTAJ (FOTOLAR)

Azərbaycanda 20 məktəbdə tətbiq olunan pilot layihə -  REPORTAJ (FOTOLAR)
  29 Noyabr 2019    Oxunub:14567
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. Mediaturun məqsədi media nümayəndələrini bu ildən pilot olaraq həyata keçirilən “Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.
Azvision.az -ın məlumatına görə, sözügedən məktəbdə təşkil edilən bir peşə təmayüllü sinifdə aqronom və dərzi ixtisasları tədris olunur.



Peşə təmayüllü siniflərin 120 saylı orta məktəb üzrə layihə rəhbəri Xeyransə Quliyeva bildirib ki, sinifdə 24 şagird təhsil alır. Onlardan 13-ü oğlan, 11-i qızdır. Qızlar dərzi, aşpaz, oğlanlar isə aqronom peşəsinə yiyələnirlər.

“Otaqlarda şagirdlərin istifadə etməsi üçün avadanlıqlar qoyulub. Ümumi təhsil müəssisəsinin həyətində şagirdlərin əkinçilik sahəsi üzrə peşə biliklərinə yiyələnməsi məqsədilə əkin sahəsi də ayrılıb. Bu layihə 10 və 11-ci sinifləri əhatə edir. Şagirdlər həftədə 3 dəfə ümümtəhsil fənlərini öyrənir, 2 dəfə isə peşə biliklərinə yiyələnirlər”.



Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 20 ümumtəhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə 420 şagird təhsil alır.



“X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd məktəblilərin ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə layihələr tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr tədris olunur. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir" - deyə E.Əmrullayev bildirib.



Nazirlik rəsmisi vurğulayıb ki, layihənin tətbiqi ilə ötən illə müqayisədə 9-cu sinifdən 10-cu sinifə keçən şagirdlərin sayında 10 faiz artım var. “Xüsusilə qızların məktəbə cəlb olunması baxımından müsbət tendensiya müşahidə olunur. Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün sürücülük kurslarının tədrisi planlaşdırılıb. Həmin siniflərdə təhsil almış məzunlara sürücülük vəsiqəsi almaq imkanı yaradılacaq. Gələn illərdə 50 məktəbdə layihəni genişləndirməyi planlaşdırırıq”.



Təmayül sinifdə təhsil alan Zəhra Pənahlı dərzi, aşpaz, qənnadçılıq peşələrinə yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını söyləyib. Marağının daha çox aşpaz peşəsinə olduğunu deyən Zəhra vaxtının çox hissəsini mətbəxdə keçirməyə çalışır. O, məktəbi bitirdikdən sonra bu peşəni davam etdirmək niyyətindədir.



Aqoronom ixtisası üzrə təhsil alan Ülvi Əliyev seçdiyi peşəyə marağının olduğu deyib: “Dərs çox maraqlıdır. Get-gedə həvəsim artır. Burada aqronomluğun bütün sirlərinə yiyələnirik. Gələcəkdə peşə məktəbinə daxil olub, biliyimi zənginləşdirməyi düşünürəm”.

Müxtəlif ixtisaslar üzrə təhsilə cəlb olunan digər şagirdlər də onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.































Aytən Zəhra
Foto Şahin Sərdarov

Azvision.az


Teqlər: Peşə   Təhsil  





Xəbər lenti