“Sahibkar 20 gün ərzində enerji ilə təmin olunur” - “Azərişıq” rəsmisi

“Sahibkar 20 gün ərzində enerji ilə təmin olunur” -  “Azərişıq” rəsmisi
  27 Noyabr 2019    Oxunub:1962
"Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2018-ci il tarixində “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib".
Azvision.az xəbər verir ki, bunu mətbuat konfransında “Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bildirib.

Onun sözlərinə görə, həmin fərmanın 2.4-cü bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqı Nazirlər Kabinetinin 27 aprel 2018-ci il 180 nömrəli qərarı ilə müəyyən olunub və bu da sahibkar müraciətlərinin daha da sadələşdirilməsinə gətirib çıxarıb: “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminin “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaradıb.

Depatamentinin direktoru qeyd edib ki, sahibkarların müraciətlərinin sayında sürətli artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır: "Əlavə olaraq bildirmək istəyirik ki, 20-dən çox biznes mərkəzlərdə və əhalinin intensiv olduğu mərkəzi küçə və prospektlərdə reklam lövhələri yerləşdirilib, bəzi KİV-lərdə reklam çarxları yayımlanıb. Aparılan islahatların nəticəsində keçən ilin ilk 10 ayı ərzində 2600- ə yaxın müraciət daxil olduğu halda bu ilin yanvar-oktyabr aylarında 3800-ə yaxın müraciət olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım deməkdir".

"Azərişıq" rəsmisi bildirib ki, Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək: "İndi “www.azerishiq.az” saytına, ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki ( HYPERLINK "https://www.e-gov.az/az/services/readwidenew/3774" https://www.e-gov.az/az/services/readwidenew/3774) vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür. Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur".

Azvision.az


Teqlər: Azərişıq   Sahibkar  





Xəbər lenti