İqtisadiyyat naziri Moskvada görüşlər keçirib

İqtisadiyyat naziri Moskvada görüşlər keçirib
  21 Noyabr 2019    Oxunub:2080
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, görüşdə bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dolları təşkil etdiyi vurğulanıb. Qeyd olunub ki, sənaye sahəsində əməkdaşlığın mühüm istiqamətlərdən biri avtomobil və maşınqayırma sahəsidir. Tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

M.Cabbarov Moskvada Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyevlə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın İqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. M.Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes-investisiya mühiti, antiinhisar siyasəti sahəsində görülən işlər və sair barədə geniş məlumat verib, Rusiya-Azərbaycan əməkdaşlığının böyük potensialı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı strateji əməkdaşlığın intensivləşdiriləcəyinə, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki dövlətin məsul qurumlarının səylərinin artırılacağına əminlik ifadə edilib.

Azvision.az


Teqlər: İqtisadiyyat  





Xəbər lenti