Çinlə nəqliyyat üzrə işçi qrupu yaradılır

Çinlə nəqliyyat üzrə işçi qrupu yaradılır
  19 Noyabr 2019    Oxunub:1872
Azərbaycan ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması məqsədilə ölkəmizdə səfərdə olan Çin nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə nazirinin müavini Elmir Vəlizadə, Çin nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin baş direktoru Xu Yahua rəhbərlik edib.

Görüş zamanı Çindən Avropaya və əks-istiqamətdə yükdaşımaları zamanı Mərkəzi Dəhlizin imkanlarından istifadənin təşviqi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarına Çin əyalətləri tərəfindən subsidiyaların ayrılması, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadənin genişləndirilməsi müzakirə olunub.

Eyni zamanda, Azərbaycan hökuməti və Çin Xalq Respublikası hökuməti arasında baxılmaqda olan beynəlxalq avtomobil daşımaları və kombinə edilmiş yükdaşımaları haqqında Saziş layihələri üzrə danışıqların davam etdirilməsi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Çin   Nəqliyyat  





Xəbər lenti