Turagentlər və onların vergitutma obyektləri

  02 Noyabr 2019    Oxunub : 621
Turagentlər və onların vergitutma obyektləri
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aviabilet və tur-paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur-paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

"Aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur-paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir".

Azvision.az

Teqlər: Vergi