“Yeni qaydalar bankların risklərə dayanıqlılığını artıracaq” - Vüqar Bayramov

  31 Oktyabr 2019    Oxunub : 1160
 “Yeni qaydalar bankların risklərə dayanıqlılığını artıracaq” - Vüqar Bayramov
Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na etdiyi dəyişikliklərdə məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır. Belə ki, artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi Prezidentin sədrliyi ilə keçirilən müşavirədə də xüsusi qeyd edilən məsələlərdən idi.

"Müşavirədən qsıa müddət sonra Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib. Dəyişikliklə risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaradır. Həmçinin, toplanmış resursların həmin sahələrə yönləndirilməsində maraqlı edir".

Ekspert bildirib ki, dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb:

"Belə ki, Qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilr. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaq. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq. Bu isə bankları real sektoru maliyyələşdirməkdə daha maraqlı edə bilər".

V.Bayramov qeyd edib ki, qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb:

"Belə ki, kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçiləcək, o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdiriləcək. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə Qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib. Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sektorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlığının artırmağa xidmət edir. Etiraf etmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Prezidentin tapşırığından qısa müddət sonra yeni qaydalar təsdiq etməsi təqdirəlayiqdir. Ümid edək ki, qısa zamanda real sektora daha çox bank kreditlərinin yönəldilməsini müşahidə edə biləcəyik".

Azvision.az

Teqlər: Ekspert   Bank