Spirtli içkilərə qoyulan vergi artırılsın! - Təklif

  30 Oktyabr 2019    Oxunub : 1011
Spirtli içkilərə qoyulan vergi artırılsın! - Təklif
"Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Bu xəstəliklərin yaranmasının əsas risk faktorlarından biri tütündür".
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciquli deyib. Onun sözlərinə görə, Azərbaycanda tütün istehlakı azaldılmalıdır.

"Tütünlə bağlı vergilər artırılmalı, siqaret qutularının üzərində "Sağlamlığa ziyandır" sözləri böyük hərflərlə yazılmalı, onun sağlamlıq üçün təhlükəli olmasını göstərən şəkil vurulmalıdır. Bununla yanaşı, Azərbaycanda siqaret reklamı və ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilməlidir. Mən ilk dəfədir ki, Azərbaycandayam. Mən küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki, bu, Azərbaycan üçün məqbul haldır. Amma mən tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm".

S. Aypanciquli bildirib ki, Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir.

Ekspert əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə diqqət yetirilməyə başlanılıb: "Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: ÜST