Prezident: “Kadr islahatları labüddür, qaçılmazdır”

  Prezident:  “Kadr islahatları labüddür, qaçılmazdır”
  23 Oktyabr 2019    Oxunub:5131
"Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbulu zamanı etdiyi çıxışında deyib.
Ölkə başçısı bildirib ki, hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var: "Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır".

Prezident vurğulayıb ki, islahatlara alternativ yoxdur: "Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   İslahat  





Xəbər lenti