“Digər ölkələrdən enerji asılılığımız yoxdur” - Pərviz Şahbazov

  18 Oktyabr 2019    Oxunub : 1341
 “Digər ölkələrdən enerji asılılığımız yoxdur” - Pərviz Şahbazov
Hazırda Azərbaycan və İran energetika sistemləri arasında 230 kV-luq “Masallı (AR) Astara (İR)” elektrik verilişi xətti tikilir. “Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.
Azvision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. O, bildirib ki, “Xudafərin” hidroqovşağının bəndi üzrə işlər 95%, “Qız qalası” hidroqovşağının bəndində isə işlər 50% başa çatdırılıb.

“1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt, orta illik enerji istehsalı 766 milyon kVt/s həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaqdır. “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə də işlər davam etdirilir”.

Nazir hesab edir ki, enerji təhlükəsizliyi tam təmin edilib: “Digər ölkələrdən enerji asılılığı aradan qaldırılmış, artıq özü elektrik enerjisi ixrac edən ölkə kimi Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər əldə etsə də, əsas hədəflər hələ qarşıdadır. Çünki dünyada energetika sektoruna olan müasir tələblər yeni məzmun kəsb edir, trendlər dəyişir, enerji istehsalı portfelinin şaxələndirilməsi, səmərəlilik və keyfiyyət standartlarının yaradılması və bu məqsədlə enerji bazarının liberallaşdırılması tendensiyaları geniş vüsət alır. Qloballaşma dövründə sürətlə dəyişən iqtisadi, siyasi vəziyyət, xüsusilə də iqlim dəyişiklikləri ilə bağlı çağırışlar, enerji sektorunun daha az emissiya buraxmaqla daha çox enerji təchiz etmək kimi aktual probleminin həlli və texnologiyaların inkişafı dünya enerji sistemində transformasiya proseslərinə təkan verir.

Paris Sazişi ilə ölkələr qlobal orta temperaturdakı artımı 2 dərəcədən aşağı saxlamaq öhdəliyini götürsələr də, təəssüf ki, 2018-ci ildə istixana qazlarının atmosferə atılması əvvəlki ilə nisbətən 1,7% artaraq tarixdə ən yüksək səviyyəyə çatıb. Karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alsaq, elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının qlobal zərurət olduğunu bir daha aydınlaşdırmış olarıq. Son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir. Xərclərin sürətlə azalması ilə bu enerji növünün rəqabət qabiliyyəti də artır. Hələlik, bərpa olunan enerji mənbələrinin ilkin enerji istehlakındakı payı hidroenerji ilə birgə cəmi 10,9%, elektrik enerjisi istehsalında isə 26% olsa da, proqnozlara görə növbəti 20 ildə ən sürətlə inkişaf edən enerji mənbəyi rolunda məhz bərpa olunan enerji çıxış edəcək”.

Azvision.az

Teqlər: Energetika