Nazirlikdə inzibati xətalarla bağlı 539 işə baxılıb

  16 Oktyabr 2019    Oxunub : 581
Nazirlikdə inzibati xətalarla bağlı 539 işə baxılıb
2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bunlardan 490-ı təbii qaz, 49-u isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 125 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Nazirlik tərəfindən Ağsu, Lənkəran, Beyləqan, Quba, Kürdəmir, Gədəbəy, Salyan, Neftçala, Qobustan, Şamaxı, Balakən, Zaqatala, Şəmkir və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 140 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 34 iş üzrə, qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 189 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

9 ay ərzində Bakı, Sumqayıt, Ağcabədi, Qobustan, Şəki, Cəlilabad, Şamaxı, Qəbələ, Mingəçevir, Şabran, Lənkəran, Ağdaş və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 24 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.

Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.

Azvision.az

Teqlər: Energetika