Növbəti “KOB Dostu” İmişlidə fəaliyyətə başlayıb

Növbəti “KOB Dostu” İmişlidə fəaliyyətə başlayıb
  08 Oktyabr 2019    Oxunub:2443
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir. Növbəti “KOB Dostu” İmişli rayonunda fəaliyyətə başlayıb.
Agentlikdən Azvision.az -a bildirilib ki, bununla da ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-ə çatıb. Oktyabrın 8-də KOBİA-nın təşkilatçılığı, İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda “KOB Dostu”nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. İmişli rayonunda sahibkarlara xidmət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər.

İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən O.Məmmədov “KOB Dostu” şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib.

Azvision.az


Teqlər: KOB-Dostu  





Xəbər lenti