Naxçıvanda vergi proqnozu 113,5 faiz icra olunub

  07 Oktyabr 2019    Oxunub : 876
Naxçıvanda vergi proqnozu 113,5 faiz icra olunub
Sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 113,5 faiz icra edilib.
Azvision.az Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş vəsaitlərin 31 faizi dövlət, 69 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.

Aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, gələcəkdə insanların layiqli pensiya və digər təminatlardan yararlanması üçün ödənilməsi zəruri olan məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 138,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 127,8 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra olunub.

Muxtar respublikada iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə rayonlarda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Belə ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə sentyabr ayı ərzində 2 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə, bu dövrdə 208 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 79 faizi muxtar respublika rayonlarının payına düşüb. Bütün bu müsbət nəticələr dövlətimizin özəl sektora göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Azvision.az

Teqlər: Naxçıvan   Vergi   Proqnoz