İranın erməni sevgisi – ARAŞDIRMA

İranın erməni sevgisi – ARAŞDIRMA
  10 Dekabr 2013    Oxunub:9360
Azərbaycanın cənub qonşusu İran soydaşlarımızın ən sıx məskunlaşdığı ölkədir. Qeyri-rəsmi mənbələr burada 30 milyon azərbaycanlının yaşadığını göstərir. Bu ölkədə əhalinin təxminən 25-30%-ni təşkil edən azərbaycanlılar farslardan sonra ikinci ən böyük etnik-milli azlıq olmalarına rəğmən, əksər hüquqlardan, o cümlədən ana dilində təhsil hüququndan məhrumdurlar. Eyni məhdudiyyətlər çoxmilyonlu kürd, bəluc və lur icmalarına da tətbiq edilir. Lakin İran hakimiyyətinin milli-dini azlıqlarla bağlı sərt siyasəti erməni icmasına şamil edilmir.



Ümumilikdə sayları 100 min nəfər təşkil edən erməni icması İslam Respublikasında geniş imtiyazlara və üstünlüklərə malikdir. İslam Republikasının xristian sakinləri kimi onlar üzərilərində heç bir təzyiq hiss etmirlər.

Öncə qeyd etmək lazımdır ki, paytaxt Tehran, İsfahan və Təbriz şəhərlərində kompakt şəkildə yaşayan ermənilərin ana dillərində təhsil almaq, milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır.

Məsələn, Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Sərbəst fəaliyyət göstərən kilsələrin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur, əksinə dövlət tərəfindən onlar üçün hər bir şərait yaradılır.
Atropataten Yeparxiyasının mərkəzi olan və əsasən azərbaycanlıların məskunlaşdığı Təbriz şəhərində də cəmi bir neçə min erməni yaşayır. 2013-cü ilin mayında burada Atropatena yeparxiyası rəhbəri Qriqor Çiftçyan və İranın Tarixi abidələrin mühafizəsi agentliyi birlikdə Təbriz şəhərində “Məlik-Tankeyan” muzeyinin yaradılması barədə razılığa gəliblər. Muzeydə tarixi eksponatlar – xaçlar, qədim əlyazmalar və əşyalar saxlanılacaq. Bundan əlavə İran dövləti Cənubi Azərbaycandakı kilsələrin təmirini də öz üzərinə götürüb.



Ümumilikdə, erməni icmasının İrandakı ən əsas dini mərkəzi Tehranda yerləşən Müqəddəs Sarkis kilsəsidir. Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə tikilən kompleks hər il aprelin 24-də “erməni soyqırımı” ilə bağlı izdihamlı aksiyalara şahid olur. Digər önəmli erməni kilsəsi isə İsfahanda yerləşir. 1664-cü ildə tikilən və “Xilaskar İsa Məsih” adını daşıyan kilsə Şah Abbasın fərmanı ilə tikilməyə başlanıb. İsfahanın Yeni Culfa adlı erməni məhəlləsində yerləşən dini abidə həm də qədim əlyazmaların saxlanıldığı məkandır. İran dövlətinin erməni dini abidələrinə xüsusi qayğısı nəticəsində demək olar ki, burada təmirsiz kilsə qalmayıb. Bu özünəməxsus qayğı müəyyən məqamlarda yerli iranlıların diskriminasiyasına gətirib çıxardır.



Məsələn, bütün ölkə ərazisində şəriətə uyğun olaraq spirtli içkilərin satışı qadağa altındadır. Lakin əgər bütün ölkə ərazisində alkoqollu içkilərin istifadəsi qadağan olunubsa, erməni icması üçün bu qadağa istisna təşkil edir. Tehranda alkoqollu içkilərin açıq satışda olduğu yeganə yer 2Erməni klubu” adlı kiçik restorandır. Birinci Dünya Müharibəsi sonrası fəaliyyətə başlayan restoran 10 milyonluq şəhərdə spirtli içki içmək üçün tək ünvandır. Restorana müsəlmanların girişi qadağandır. Bunun qarşılığında İrandakı xarici diplomatlar tez-tez restoranın qonağı olurlar.



İran əsasən xristianların üz tutduğu “Erməni klubu” restoranında qadınların başıaçıq oturmasına da göz yumur.

İranın idman həyatında da erməni icması ayrıca təmsil olunur. Çoxfunksionallı “Ararat” idman klubu müxtəlif idman sahələrində erməni icmasını təmsil edir. Məsələn, “Ararat” basketbol klubu 2009 və 2010-cu illərdə İran çempionatının qalibi olub.
Eyniadlı futbol klubu isə İranın Futbol çempionatının ikinci divizionunda stabil şəkildə iştirak edir. “Ararat” futbol klubunun yetirməsi Andranik Teymuryan Təbrizin “Traktor” klubunda çıxış edib. İran yığma komandasında da top qovan Teymuryan İran İnqilabından keçən 34 il ərzində yığmanın kapitan sarğısını daşıyan ilk qeyri-müsəlman kimi tarixə düşüb.



İranda erməni iclası üçün mətbuat sahəsində də böyük sərbəstlik yaradılıb. Qeyd etmək yerinə düşər ki, İran parlamentində 2 deputat mandatı erməni icması üçün ayrılıb. Bu hüquq ölkə Konstitutsiyasında ayrıca bəndlə göstərilib. Hazırda erməni icmasından Karen Xanlaryan və Robert Beqlaryan İran parlamentinin üzvləridir. Onlar qanunverici orqandakı əsas fəaliyyəti “erməni soyqırım”ını gündəmə gətirmək və Ermənistan-İran münasibətlərinin inkişafına dəstək olmaqdan ibarətdir.



Xaricdəki erməni diasporu və Ermənistan respublikası ilə aktiv əlaqədə olan İran erməniləri ümumerməni maraqlarının İran siyasətinə yeridilməsi üçün effektiv instument rolunu oynayır. Bunun nəticəsidir ki, hər il 24 aprel tarixində yerli ermənilər sərbəst şəkildə Türkiyə səfirliyi önündə aksiyalar keçirir. İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Əbutorabi isə açıq-aşkar Türkiyəni soyqırım törətməkdə ittiham edir. Bütövlükdə, İran hakimiyyətinin ölkə əhalisinin heç 0,1%-ni təşkil etməyən erməni icmasına verdiyi hüquqlar digər müsəlman azlıqlarının hüquqsuzluğu ilə ciddi təzad təşkil edir. Bu mənada İran hakimiyyətinin milli azlıqlarla bağlı siyasətinə bir daha nəzər salmasına ehtiyac var.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti