Azərbaycan dili erməni deputatın qulağını dəldi

Azərbaycan dili erməni deputatın qulağını dəldi
  10 Dekabr 2013    Oxunub:1415
Ermənistan parlamentinin deputatı təyyarədə Azərbaycan dilinin səsləndirilməsinə görə Rusiyanın “Aeroflotuna” nifrət edib.

AzVision.az xəbər verir ki, Ermənistanın İrs Partiyasının parlament fraksiyasının katibi, deputat Tevan Poqosyan Yerevana qayıdandan sonra Rusiyanın “Aeroflot” şirkətinə ərizə ilə şikayət etmək niyyətindədir.

Buna səbəb dekabrın 8-də Yerevan-Moskva reysinin eniş vaxtı Azərbaycan dilində səs yazısının səsləndirilməsi olub.

Bu barədə Ermənistan mətbuatına Tevan Poqosyan özü məlumat verib. Belə görünür ki, mənzil başına çatdığı üçün sevinmək əvəzinə, erməni deputat əsl cəhənnəm əzabı çəkib. İncə qulaqlarının eşitdiyi hər bir kəlmə alova çevrilərək onun ürəyini yandırıb. Bu fakt Poqosyana elə dağ çəkib ki, nəyin bahasına olursa-olsun aviaşirkətə qəti etirazını bildirməyə qərar verib.

“Eniş zamanı təyyarənin heyəti, mətni təyyarə ilə uçmuş hər kəsə məlum olan audio yazını avtomatik olaraq işə salıb. Səs yazısında bildirilirdi ki, Rusiya və Belarusiya vətəndaşı olmayan hər kəs miqrasiya katrını doldursun. Ən qəribəsi isə o idi ki, səs yazısı nə erməni , nə rus , nə də ingilis dilində , Azərbaycan dilində idi”-deyə Tevan Poqosyan facebook səhifəsində yazıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti