Yeni yubiley pul nişanları tədavülə buraxıldı

  Yeni yubiley pul nişanları tədavülə buraxıldı
  03 Oktyabr 2019    Oxunub:2507
Bu il Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə, hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanlarını tədavülə buraxıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31,1 qr. (+ 0,1 qr.), diametri isə 38,61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda AMB-nin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Dövlət Gerbi, Azərbaycan manatının simvolu, eləcə də milli naxış və ornamentlər təsvir olunub.

ARDNF-in 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti