Türkiyənin “aktyor bazarı” - kim necə seçilir?

Türkiyənin  “aktyor bazarı” - kim necə seçilir?
  10 Dekabr 2013    Oxunub:15874
Türkiyədə teleserial bazarının inkişafı ilə aktyor ehtiyacı da ortaya çıxıb. Xüsusilə də yeni simaların kəşfi mühüm amillərdəndir. Bu ehtiyaclarını təmin etmək üçün isə rejissorlar agentliklərlə çalışmağa üstünlük verir. Serial və model agentlikləri də serialları həm baş, həm də epizodik rol oynayan aktyorları ilə təmin edir.

Türkiyədə bu işlə məşğul olan 20 böyük və inkişaf etmiş agentlik var. Amma sıradan və kiçik agentliklər də çoxdur və bunların sayı 200-ə yaxındır. Teleseriallardakı qazanc artdıqca isə bütün peşələrdən olan insanlar bir az şöhrət, bir az pul qazanmaq üçün agentliklərin kataloqlarına düşməyə çalışır. Elə agentliklərin ilkin mərhələdə qazancı da bu kataloqlara düşmək istəyən insanlardan toplanır. Çünki agentlik kataloqlarına düşmək üçün 50 və 200 türk lirəsi (təxminən 23 və 95 manat arası) qeydiyyat üçün alınır. Agentliklər bu pulun fotosessiya üçün xərcləndiyini deyir.

Amma qeydiyyat üçün pul almayan agentliklər də var. Onlar kataloq hazırlamır. Bunun yerinə aktyorluq həvəsinə düşənlərin şəkilləri və şəxsi məlumatları agentliyin internet səhifələrinə yüklənir. Əgər aktyorluğa namizəd şəxs agentliyin kataloqunda və internetdəki rəsmi səhfəsində yer alırsa, onlar rol almağı gözləyir. Təbii ki, bu insanlar rejissorların diqqətini çəkərsə. Çəkiliş üçün çağrılanın bütün xərclərini agentlik rejissordan alır və 20-30 faizini alıb, qalanını oyunçuya verir. Bəzən sadəcə fiqur rollar alanlar 30-35 tl qanorar alırlar. Bəzən isə həvəskarlar sadəcə serial şəbəkəsinə girmək üçün pulsuz da oynamağa razılıq veririlər. 10 il əvvəl qurulan serial agentliyi "Tümay Özokur Castinq"in rəhbərlərindən biri Tümay Özokurla söhbətimiz zamanı bildirir ki, bacısı ilə bərabər qurduğu agentlikdə 700 oyunçu çalışır. Bu agentlik daha çox teatrdan gələn aktyorlara üstünlük verir. Hər gün agentliyə 50-100 insanın müraciət etdiyini deyən Özokur bu qədər çox istəyi də doğru saymır. “Bizim çalışmaq istədiyimiz insanlar mütləq agentliyimizlə 5 illik müqavilə bağlamalıdır. Ona görə də agentlik peşəkarlarla çalışmağa üstünlük verir. Biz bəzən başqa agentlikliklərə də aktyor veririk”. Ozokur hazırda serial sektorunda bir qarışıqlıq olduğunu deyir. “Mən teleserial sektorunda daha çox etik və doğru işləməyin tərəfdarıyam. Bəzən oyunçuların səhvi, işi bilməməyinə görə işin içindən çıxa bilmirik”.

“İkon Prodüksiyon Casting”in rəhbəri Erdem Tütünçü, 7 ildir serial sektorunda çalışır. Hazırda 100 aktyorla çalışan şirkət rəhbəri deyir ki, hər yoldan keçən insanla çalışılmamlıdır. Tütünçü eyni zamanda bir baş rol oyunçu xəstəliyinin olduğunu da dedi: “İndi epizodik rollar oynayanlara çox dəyər verilmir. Amma, bəzən məhz bu rolları oynayanlar olmadığına görə işlərimiz yarım qalır. Bu isə bizim minlərcə lirə pul itirməyimiz deməkdir”. ”Uyğur Castinq” isə serial çəkimində alınan pulları bizə açıqladı.

Rejissor-5-20 min türk lirəsi, köməkçisi-5 min, ssenarist-5-15 min, serialın musiqiçisi-2-8 min, baş rol oyunçusu-10-30 min, orta dərəcəli oyunçular-5-10 min, tanınmayan oyunçular-1000-5 min liraya yaxın, fiqur oyunçular-20-25 tl alır. Oyunçu aldığı pulun 20-30 faizini isə agentliyə ödəyir.

Agentlik rəhbəri Harika Uğur deyir ki, hazırda durmadan artan seriallar bir neçə il sonra azalacaq. “İndi bu sahə peşəkarlıqdan çox biznes halına gəlib. Bəzən də görürsünüz ki, bir serial başlayır və reytinq toplaya bilmədiyi üçün yayımdan qaldırılır. İndi agentliklər də durmadan artır. Buna səbəb isə hər kəsin aktyor və model olmaq həvəsidir. İnsanlar agentliyin kataloquna düşmək üçün günlərlə gəlib -gedir”. Harika Uyğur onu da bildirdi ki, yalnız Türkiyədən deyil, başqa ölkələrdən də yüzlərlə müraciət edir. Son ayda isə Azərbaycandan bu agentliyə 50 nəfər müraciət edib.

Məhsəti Şərif . İstanbul
AzVision.az




Teqlər:  





Xəbər lenti