Bakıda 8 yaşdan yuxarı 49 nəfər I sinfə gedir

  30 Sentyabr 2019    Oxunub : 847
 Bakıda 8 yaşdan yuxarı 49 nəfər I sinfə gedir
2019-2020-ci tədris ili üzrə 8 yaşdan yuxarı 49 nəfər I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib.

Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, onlar 2006-2010-cu il təvəllüdlü uşaqlardır. Həmin uşaqların 28-i qız, 21-i oğlandır.
Məlumatda qeyd edilib ki, əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulunun gecikdiyi məlum olur.

Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında” Qaydaların tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb olunurlar. Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.

Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

Ümumilikdə, uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyə ondan ibarətdir ki, bu kimi hallara maksimum dərəcədə yol verməsinlər. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar. Odur ki, valideynlər əsaslı səbəblər olmadığı təqdirdə, övladlarının məktəbə qəbulunu ləngitməsinlər.

Aytən Zəhra
Azvision.az

Teqlər: