Yarmarkada bal satmaq istəyənlərin nəzərinə!

Yarmarkada bal satmaq istəyənlərin nəzərinə!
  20 Sentyabr 2019    Oxunub:1949
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam etdirilir. Yarmarkaya qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yarmarkada yalnız yüksək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Xatırladaq ki, arıçılıq məhsullarının son qəbulu sentyabrın 24-dür.

Yeniliklərdən danışan ATT ASC İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, ilk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsilə sentyabrın 6-dan 11-dək aparılıb.

Sentyabrın 12-də qeydiyyatdan keçmiş arıçılara sms-bildirişlər göndərilib, onlar yarmarkada iştirak haqqı qazanıb-qazanmadıqları barədə məlumatlandırılıb. Bu günədək 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib. Bu il tətbiq edilən növbəti yenilik isə hər bir məhsulun üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.

Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək üçün yarmarka günlərində onlayn sifariş xidmətinin də istifadəyə veriləcəyini deyən Leyla Məmmədova sifariş olunan məhsulların Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına çatdırılmasının ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, hər bir arıçı yarmarkaya hər bir arı ailəsi üzrə 10 kiloqram olmaqla maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə bir ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də yarmarka ərzində şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər təqdim ediləcək. Yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq.

Azvision.az



Teqlər: Bal   Yarmarka  





Xəbər lenti