Təmayül siniflərində şagird sayı 15-dən az olmamalıdır

Təmayül siniflərində şagird sayı 15-dən az olmamalıdır
  17 Avqust 2019    Oxunub:2554
Ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə bitirən şagirdlər meyil və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül sinfinə qəbul olunurlar. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təmayül sinifləri 15 şagirddən az olmayaraq komplektləşdirilir. Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin ikinci yarısının əvvəlindən başlanılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şagird sayı az olan və bir-birinə yaxın ərazidə yerləşən müxtəlif məktəblərin şagirdlərindən seçilmiş bir məktəbdə təmayül sinifləri təşkil oluna bilər. Bu zaman həmin təhsil müəssisəsinin əlverişli coğrafi mövqeyi, yol infrastrukturu, məktəbdə peşəkar və təcrübəli müəllimlərin olması kimi amillər nəzərə alınır. Meyil və maraqları müxtəlif olan şagirdlərdən ibarət yaxın iki təmayül sahəsini əhatə edən siniflər (qoşa təmayüllü) təşkil oluna bilər. Bu siniflərdə uyğun təmayül fənləri ilə yanaşı, Azərbaycan dili, Azərbaycan tarixi, xarici dil, riyaziyyat, informatika, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq fənləri tədris olunur.

Yerdəyişmə zamanı şagird getdiyi məktəbdə eyni təmayüllü sinfə qəbul edilir. Belə sinif olmadıqda şagird öz arzusuna görə qismən yaxın təmayüllü sinfə qəbul edilə bilər. Əks halda şagird ərazidəki təmayül tətbiq edilməyən məktəbin adi sinfində təhsilini davam etdirməlidir. Şagird X sinifdə oxuyarkən dərs ilinin birinci yarısında, ən geci yarımil başa çatanadək təmayül istiqamətinin dəyişilməsinə yol verilir. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılır.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti